Pakistan ordusuna hərəkət azadlığı verildi – Samaa tv
Pakistan Silahlı Qüvvələrinə Hindistanın təcavüzü səbəbindən cavab tədbirləri görmək səlahiyyəti verilib.
SAVASHMEDİA.az Samaa tv-yə istinadən xəbər verir ki, bu qərarı Pakistanın Milli Təhlükəsizlik Şurası (MTŞ) qəbul edib.
Məlumata görə, mayın 7-də Pakistan Baş nazirinin iqamətgahında MTŞ-nin fövqəladə iclası keçirilib. Şura BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsasən, ölkənin silahlı qüvvələrinə cavab tədbirləri görmək səlahiyyəti verib.
“Pakistan istədiyi vaxt, istədiyi yerdə və öz seçdiyi şəkildə cavab vermək hüququnu özündə saxlayır", - görüşdən sonra verilən bəyanatda deyilir.
Samaa qeyd edib ki, ali hərbi rəhbərlik Hindistana cavab zərbəsi endirməsi üçün orduya “hərəkət azadlığı” verib.
MTŞ iclasının iştirakçılarından biri söz verib ki, “hər bir [Hindistan] zərbəsinə iki [Pakistan] zərbəsi vurulacaq”.
Şura diqqətə çatdırıb ki, Pakistan regionda sülh istəyir, lakin suverenlik və milli ləyaqət məsələlərində güzəştə getməyəcək.
Şura həmçinin beynəlxalq ictimaiyyətdən Hindistanın hərəkətlərinə dərhal diqqət yetirməyi tələb edib və xəbərdarlıq edib ki, eskalasiya regional sülh və sabitliyə ciddi təhlükə yaradır.
Milli Təhlükəsizlik Şurasının qərarlarının təsdiq edilməsi və vəziyyətlə bağlı nazirlərin məlumatlandırılması üçün hökumətin iclası çağırılıb.
Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistanın Pəncab əyalətinə və Kəşmirin Pakistanın nəzarətində olan hissələrinə silsilə hava zərbələri endirib.
Hindistan Xarici İşlər Nazirliyi bu əməliyyatı Pakistanın yeni hücumlar hazırlamağa davam edən terrorçuları dayandırmaması ilə izah edib. Bildirilib ki, Hindistan terror aktına görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək qərarına gəlib
Pakistan qonşu ölkənin hərəkətlərini “müharibə aktı” adlandırıb və cavab zərbəsi endirib. İslamabad qonşusuna qarşı heş bir düşmənlik nümayiş etdirmədiyini bildirərək teraktda iştirakı ilə bağlı Hindistanın iddialarını rədd edib.
Xatirə SADİQ