Kılıçdaroğlu öz partiyasına qarşı, CHP əldən gedir? - Özgür Özəl "sonuna qədər" dedi
“Kamal Kılıçdaroğlu məhkəmə qərarı ilə CHP sədrliyinə gələrsə, bu qərarı tanımayacaq, Kılıçdaroğlunu qəbul etməyəcəyik”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Silivridə cəza çəkən jurnalist Fatih Altaylıya müsahibəsində deyib.
F.Altaylı əksini bildirsə də, Özəl qeyd edib ki, onlarda olan məlumata görə, Kamal Kılıçdaroğlu məhkəmə qərarına əsasən, yenidən partiyanın başına gəlməyə hazırlaşır:
“Kılıçdaroğlunun idarəçiliyini tanımayacağıq. 81 bölgədəki başqanlarımız da tanımayacaq. Nəticədə qurultaya gedəcəklər. Qurultay da eyni qərarı verəcək. Orada çox qala bilməyəcək. CHP-nin genetikası buna icazə verməz”.
F.Altaylının “bəs toxunulmazlıq hüququnuz ləğv edilib həbs olunacağınızdan qorxmursunuz? sualına isə Özəl belə cavab verib:
“Hər cür pisliyi edə biləcəklərini bilirəm. Mənə hələ də “Ankarada otur, mitinqləri dayandır, Əkrəm İmamoğludan vaz keç biz də sənə qarşı hücumları dayandıraq” deyirlər. Tələbləri budur, bunu etsəm, ortada problem qalmayacaq, geri çəkilsəm, onlar da dayanacaq. Ancaq edə bilmərəm. 50 mitinq keçirdik, 50 aksiya təşkil etdik. Vətəndaş bizə güvəndi. Meydanları doldurur. Gənclər bizə inandı. Hər şeyi gözə alıb mitinqlərə gəlirlər. Onların ümidlərini qıra bilmərəm. Onları yarıyolda qoya bilmərəm. Bu xalq daha bir xəyal qırıqlığına dözə bilməz. Onların ümidlərini puça çıxarmaqdansa, hər cür bədəli ödəməyə hazıram”.
Özgür Özəl Kılıçdaroğlu məhkəmə qərarı ilə CHP sədri olarsa, yeni partiya yaradacaqları barədə iddiaların da əsassız olduğunu deyib:
“Müzakirə mövzusu belə deyil. Bu, CHP-dir, hər hansısa bir partiya deyil. Bölünməzdir, bölə də bilmərik. CHP-nin bölünməsi, Türkiyənin bölünməsi deməkdir, bölünmərik! Sonuna qədər mübarizə aparacağıq”.
Banu