Kişiləri aldadıblar!
Kim isə cavan oğlanlara deyib ki, kişilik saqqaldadır. Cənub, Şimal, Qərb və bir az da Şərq ölkələrində cavan sifətlər qaralıb. Görən – vahimələnir. Xəyallarda cin-şəyatin məhz belə simada təsəvvür edilirdi.
Min (on min, yüz min) illər boyu insan övladı zahiri görünüşü ilə heyvanı xatırladıb. Saç, saqqal, saqqalın üzərinə tökülən bığ... Neandertal adamlar, eləcə də kromanyonlar bədənlərini heç lazer epilyasiyası da etmirdilər. Qayçı ilə ülgüc ixtira olunduğu dövrə qədərki insanı təsəvvürümə gətirəndə, qırxılmamış tüklər ürpəşir. O zamanlar qadın cinsi kişiləri kosmetika, vizaj, saç düzümü ilə deyil, öz təbiiliyi ilə cəzb edirdi.
Budur, bəşəriyyət mədəni inkişafdan imtina edərək, geriyə dönüb. Yenə lopa bığlar, şəvə saqqallar...
Bu nədir? Dəb? Antisanitariya dəb ola bilməz! Bəlkə kim isə camaatı aldadıb ki, kişi saqqalsızdırsa – kişi deyil?
Kişilik haqqında günah fikirlər əvvəllər də mövcud olub. “Kişilik papaqdadır”, “Papaq yerə düşdü – kişilik düşdü”, “Özünə şalvar ala bilməyən nə kişidir?!”... Bu kimi ifadələr kişilik haqqını geyimə, əşyalara bağlayırdı. Sonrakı dövrdə onun xəz papağını adı nahaqdan bədnam hesab olunan şlyapa əvəz etdi. Lenin getdi – saqqal getdi. Stalin gəldi – bığ bitdi. Stalin öldü – bığ da getdi. Kişilikdən idimi ölkə başçısını bu dərəcə primitiv şəkildə yamsılamaq, təqlid etmək!
Cəmi 10-15 il əvvəl cavanlar “Dəbdir” deyib, bədəndən tökülən şalvara keçdilər. Sanki, üzdən iraq, şalvarın içinə doldurmuşdular: ağırlaşıb, arxadan sallanıb. Belə ifrat modabazlıq insanı səhnəyə çıxarsa da, gözdən salır.
Əgər saqqala qayıdış sivilizasiyanın mədəni inkişaf yolundan geriyə dönməsidirsə, döymə, bədənin görünən və ğörünməyən nadir yerlərində yazı və şəkillər həmin yoldan kənara atılan addımdır. Tatu... Bədəndə əcaib şəkillərin həkk olunması vəhşi tayfalarda, qəbilələrdə, həmçinin məhbəs adamlarında hələ də var. Belə çıxır, biz özümüzü onlara qatırıq, yanaşı qoyuruq, bənzədirik...
Hamı bilir ki, dünya bir yerdə durmur. Amma indi haraya gedir – heç kəs bilmir. Deyirəm: geriyə və kənara...
A.ƏZİZ