Kommunal xidmətlər bahalaşır? - "Qiymət artımına gedilə bilər"
Hazırda ölkəmizdə təbii qaz üzrə əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır.
1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib.
Habelə ölkədə əhali istehlakçı qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 9 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün bir kilovat-saata görə 13 qəpik müəyyən edilib.
Bəs bu limitlər ləğv oluna bilərmi? Və ya limitlər və məbləğ artırıla bilərmi?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi - OMM"ə açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, ola bilsin ki, hansısa şərtlər fonunda qiymət artımlarına gedilsin. Xüsusilə də son dövrlərdə dayanıqlılığın tətbiqi müəyyən xərclər formalaşdırır və bu, eyni zamanda kommunal xidmətlərin təşkili sahəsində özünü göstərir, yəni dünya təcrübəsinin tətbiqi ehtimalları istiqamətindən çıxış etməklə tariflər artırıla bilər və izahatı da o şəkildədədir ki, tariflərin artması qazın, elektrik enerjisinin və yaxud da suyun qiymətinin artması, onun istehlakının azalması və dolayısının ətraf mühitə zərərlərin azalması səmərəli istifadə meylləri formalaşdırır.
"O ki qaldı mövcud vəziyyətə və təsirlərinə, mövcud vəziyyət əlbəttə ki, daha çox differensiallaşdırılmalıdır əhalinin müxtəlif sosial qruplarına münasibət daha differensial tarifləndirməyə gedilməsi yolu ilə az zərər, həssas sosial qrupların bu istiqamətdə xərclərin optimallaşdırılması daha adekvat yanaşma olardı. Nümunə üçün qeyd edim, həm elektrik enerjisinə, həm qaza limitlər tətbiq olunur, amma hansı ailələrdəki, həm elektrik enerjisi, həm qaz təchizatı vardır onlar hər iki limitdən istifadə edərək qismən kommunal xərclərini optimal səviyyədə saxlaya bilir. Amma hansı ərazilərdəki qazlaşma getməyibdir, hansı ailə təsərrüfatlarına qaz verilmir o ailə təsərrüfatları məcburi elektrik enerjisinin bütün məqsədlər üçün istifadə edir və bu da limitin kəskin şəkildə artmasına gətirib çıxarır.
Əgər qaz təchizatı yoxdursa, bu zaman həmin ailə təsərrüfatı üçün elektrik enerjisinin limitinin daha yüksək müəyyən edilməsi arzuolunandır və tövsiyə oluna bilər. Eyni zamanda, bu, iqtisadiyyatda multiplativ effekt formalaşdırmağa, iqtisadi artıma töhfəni artıra bilər".