Konqresmendən müdafiə nazirinə çağırış - “Pentaqondan cəhənnəm ol!”
Amerikalı konqresmen-demokrat Salud Karbahal cümə axşamı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində müdafiə naziri Pit Heqseti sərt tənqid edib.
SAVASHMEDİA.az bu barədə “Axios” portalına istinadən xəbər verir.
Qızğın mübahisə zamanı Karbahal Heqseti “ölkə üçün rüsvaylıq” adlandırıb və onu Pentaqondan “cəhənnəm olmağa” çağırıb.
Konqresmen müdafiə nazirini Los-Ancelesə dəniz piyadalarının yerləşdirilməsi, “Siqnal” çatının sızması və Rusiyanın Ukraynaya müdaxiləsi də daxil olmaqla bir sıra məsələlər üzrə sərt suallara məruz qoyub.
Karbahal nazirdən Trampa siyasi sədaqəti hərbi xidmət üçün məcburi öhdəlik hesab edib-etmədiyini soruşduqdan sonra Heqset “Konqresmen, siz ki bilirsiniz, bu sual nə qədər axmaqdır”, - deyə cavab verib.
“Siz bu ölkəni biabır edirsiniz. Hər iki partiyadan olan Konqres üzvləri sizi istefa verməyə çağırıblar. Sizə, sadəcə, cəhənnəm olub getmək lazımdır və bu quruma səriştəli birinin rəhbərlik etməsinə imkan verməlisiniz”, - deyə Karbahal əsəbiləşib.
Qeyd edək ki, bundan əvvəl Heqset Senatda Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla bir sıra sərt suallarla üzləşmişdi.
Xatirə SADİQ