Körpələr və uşaqlar Putini təbrik etməyə məcbur edilib - Rusiyada
Rusiyada uşaq bağçası və məktəb şagirdləri oktyabrın 7-də 73 yaşı tamam olan Rusiya prezidenti Vladimir Putini təbrik etməyə məcbur ediliblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Moscow Times” yazıb.
Nəşr qeyd edib ki, uşaq bağçaları müxtəlif formatlarda şənliklər təşkil ediblər. Yujnouralskdakı müəssisələrdən birində azyaşlı uşaqların prezidentin portreti və Rusiya bayraqları ilə şəkilləri, Xantı-Mansi Muxtar Dairəsindəki uşaq bağçasında isə oğlanların milli rus köynəyində, qızların isə rus paltar və baş örtüyü ilə videosu çəkilib. Tümen vilayətində hətta körpələr evinin uşaqları video təbrikə cəlb edilib.
Voronej vilayətindəki “Lesnaya skazka” uşaq bağçasında müəllimlər “Mənim Rusiyam – Mənim Prezidentim” adlı söhbət aparıblar. Müəssisə rəhbərliyinin iddiasına görə, tədbir “bayram və birlik mühiti” yaradıb, eləcə də “körpələrdə vətənpərvərlik hisslərini” gücləndirib.
Bu arada Sverdlovsk vilayətindəki “Rodniçok” uşaq bağçasının yetirmələrinə Putinin həyatından danışılıb. Onun fəaliyyəti “Rusiya Federasiyasının inkişafına mühüm töhfə vermiş və verməkdə davam edir” kimi təqdim olunub.
Samara vilayətində uşaqlar Putinin doğum günü şərəfinə Ukraynaya qarşı döyüşənlər üçün “mühafizə evləri” yaradıblar, Omskdakı 127 nömrəli məktəbin uşaq bağçasında isə məktəbəqədər uşaqlar “Papa hər şeyi edə bilər” mahnısını ifa ediblər. “Putin hər şeyi edə bilər. Putinin bacarmadığı heç nə ola bilməz”, - deyə Omskdakı 127 nömrəli məktəbin uşaq bağçasında məktəbəqədər uşaqlar kameraya oxuyublar.
Novosibirsk vilayətindəki məktəbdə şagirdlərə təbliğatçı Pavel Zarubinin “Putin. Kreml. Rusiya” filmi nümayiş etdirilib. Saxalinin Xolmsk şəhərindəki 8 nömrəli məktəbdə şagirdlər “bu günü xeyirxah əməllə qeyd etməyi qərara alıblar” və yeməkxanada nahardan əvvəl süfrə açıblar.
Şimali Osetiyada 70-dən çox məktəbli Putinin ad günü şərəfinə Rusiya himnini oxumağa məcbur edilib, Tomsk vilayətinin Tequldet kəndindəki məktəbin şagirdləri prezidentə müdriklik, səbir, həyat qüvvəsi və “başı üzərində sülh səması” arzulayıblar.
Ukraynanın işğal olunmuş ərazilərindəki uşaq təhsil müəssisələri də Putini təbrik edib. Makeyevkadakı 11 nömrəli məktəbəqədər təhsil müəssisəsində uşaqlar təbrik açıqcaları, Volnovaxada yerləşən “Teremok” uşaq bağçasında isə əllərində “Dözüm”, “Rifah” və “Xalq dəstəyi” yazılmış plakatlar tutan uşaqların fotoları çəkilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, nəvələri Putini 73 illik yubileyi münasibətilə “sıcaqlıq və sevgi” ilə təbrik etməyi planlaşdırırlar. O, əlavə etmişdi ki, “doğum günü doğum günüdür”, lakin Putin günortadan sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə brifinq keçirmək niyyətindədir.
Görünür, ölkə üzrə təhsil müəssisələrinin rəhbərləri hesab edirlər ki, bütün uşaqlar və körpələr Putinin nəvələridir. Lap Lenin “baba” kimi…
Xatirə SADİQ