Kremldən Kiyevdəki gecə hücumuna gülünc reaksiya
Kremldə Kiyevə gecə zərbələrini “xüsusi hərbi əməliyyatın davam etdirilməsi” kimi şərh ediblər.
SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu jurnalistlərə prezidentin sözçüsü Dmitri Peskov deyib.
“Siz görürsünüz ki, Kiyev rejimi tərəfindən Rusiyanın infrastruktur obyektlərinə, çox vaxt Rusiyanın dinc infrastrukturuna zərbələr endirilir. Rusiya silahlı qüvvələri də öz tapşırıqlarını yerinə yetirir. Onlar, bəyan edildiyi kimi, hərbi və hərbiləşdirilmiş infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edirlər. Zərbələr uğurludur, hədəflər məhv edilir”, - deyə Peskov iddia edib.
Kremlin sözçüsü onu da vurğulayıb ki, Rusiya danışıqlar prosesinin davam etdirilməsində “maraqlıdır”.
Avqustun 27-dən 28-nə keçən gecə və avqustun 28-i səhər saatlarında Kiyev hakimiyyəti iki dəfə hava hücumu həyəcanı elan edib. əhər rəhbərliyi gecə partlayışlarının nəqliyyatın hərəkətini qismən bağladığını və yanğınlardan yaranan tüstünün paytaxta yayıldığını bildirib. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, son məlumatlara görə, nəticədə 15 nəfər həlak olub.
Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, 38 nəfər xəsarət alıb, onlardan 30-u xəstəxanaya yerləşdirilib. Partlayışlar Kiyevin Darnitski, Dniprovski, Şevçenkovski, Qoloseyevski və Desnyanski rayonlarında binalara ziyan vurub. Kliçko bildirib ki, xilasedicilər dağıntıları təmizləməyə davam edirlər.
Rusiya Müdafiə Nazirliyi iddia edib ki, zərbələr yalnız Ukraynadakı hərbi və enerji obyektlərinə, eləcə də onlarla əlaqəli infrastruktura endirilir.
Xatirə SADİQ