“Kremlə vaxt lazımdır, ciddi məsələdir, Putin məsləhət bilsə...” - Peskov 

“ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı son bəyanatları çox ciddidir, bəziləri şəxsən Vladimir Putinə ünvanlanıb”.

Jul 15, 2025 - 14:59
“Kremlə vaxt lazımdır, ciddi məsələdir, Putin məsləhət bilsə...” - Peskov 

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, qeyd edib ki, Vaşinqtonda deyilənləri təhlil etmək üçün Kremlə vaxt lazımdır. Əgər Putin zəruri hesab edərsə, Trampın sözlərini şərh edəcək. Peskov hələlik bunu qabaqlamaq istəmədiyini vurğulayıb.

Onun sözlərinə görə, hələlik bir məsələni birmənalı demək olar, belə ki, Ukrayna Vaşinqtonda qəbul edilən qərarları “sülh üçün deyil, müharibənin davam etdirilməsi üçün siqnal kimi” qəbul edir. 

Peskov xatırladıb ki, Rusiya sülh danışıqlarının üçüncü raundunun keçirilməsi ilə bağlı Kiyevin təkliflərini gözləyir və dialoqu davam etdirməyə hazırdır: “Biz indiyədək Ukrayna tərəfindən təklif almamışıq. Hələlik de-fakto vəziyyət belədir. Hazırda bu süjetlə bağlı deyə biləcəyim hər şey budur”. 

Kremlin sözçüsü Trampın BBC-yə müsahibəsini şərh etməsi ilə bağlı jurnalistlərin sualına belə cavab verib: “Xahiş edirəm, mənim son ifadəmə diqqət yetirin. Hələlik bu süjetlə bağlı dediklərim bundan ibarətdir". 

Xatırladaq ki, Tramp həmin müsahibəsində Putindən məyus olduğunu etiraf etmişdi.

Xatirə SADİQ