Lukaşenko onu belə qarşıladı - “Mən kimi görürəm...” + VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloqla görüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu məlumatı “Telegram”da Belarus prezidentinin mətbuat xidməti paylaşıb.
Lukaşenko xüsusi elçini “Kimi görürəm, salam, əzizim” sözləri ilə qarşılayıb.
BelTA xəbər verir ki, Lukaşenko ilə Kelloq arasında aparılan danışıqların gündəliyinə beynəlxalq məsələlər və dünyadakı ümumi vəziyyət, regional problemlər və Belarus-Amerika münasibətləri daxil olub.
“Siz gəlişinizlə dünyada böyük səs-küy yaratdınız. Amma mən təəccüblənirən ki, niyə? Məgər biz normal dialoq aparıb öz işlərimizi – Belarus və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər haqqında danışa bilmərik?”, - deyə Lukaşenko Kelloqa söyləyib.
Belarus prezidenti onların söhbətinin səmimi olacağına ümid etdiyini bildirib: “Əks halda görüşmək nəyə lazımdır? Bir-birimizin qarşısında ağıllı və hiyləgər olmağa çalışsaq, nəticə əldə edə bilməyəcəyik”.
Kit Kelloq görüş üçün ona təşəkkür edib və qeyd edib ki, hazırda böhranlar “ağıllı və ədalətli olmasaq, kəskin şəkildə arta, böyüyə bilər”.
Buna cavab olaraq Lukaşenko Belarus ərazisində tam təhlükəsizliyə söz verib, həmçinin Kelloqun səfəri zamanı “təkcə Belarusda deyil, ətrafımızda da heç bir eskalasiya olmayacaq” deyib.
Xatırladaq ki, “Reuters” iyunun 18-də Kelloqun yaxın günlərdə Lukaşenko ilə görüşəcəyi barədə məlumat yaymışdı. Agentlik mənbələrinə istinadən bildirmişdi ki, ABŞ prezidentinin xüsusi elçisi Belarus prezidenti ilə Ukrayna münaqişəsinin həllini müzakirə etmək niyyətindədir.
Xatirə SADİQ