Mahaçqalada 3 polis əməkdaşı həlak oldu
Mahaçqalada naməlum şəxslərin yol polisi patruluna hücumu nəticəsində üç polis əməkdaşı həlak olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RİA “Daqestan” məlumat yayıb.
Dağıstan Daxili İşlər Nazirliyi (DİN) bu məlumatı təsdiqləyib.
“Bu gün saat 14:20 radələrində Mahaçqala şəhərində naməlum şəxslər Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin yol polisi bölməsinə basqın ediblər. Hücum edənlərin axtarışı və saxlanılması istiqamətində işlər aparılır”, - deyə DİN-in məlumatında bildirilir.
“112” Telegram kanalı mənbəyə istinadən iddia edir ki, ilkin olaraq iki hücumçu olub. “Baza” isə yazır ki, 4 şübhəli var. Onlar oğurlanmış xidməti avtomobillə hadisə yerindən qaçıblar və şəhərdə isə “yaxalama” planı elan olunub.
Şəhər administrasiyasında bildirilib ki, hadisə Kərimov və Maqomedtahirov küçələrinin kəsişməsində baş verib.
Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, Naməlum şəxslər onlara dayan əmri verildikdən sonra polisə atəş açıblar. Atışma nəticəsində ölənlər də olub. “Mahaçqala sakinlərini və paytaxtın [Dağıstanın] qonaqlarını sakitliyi saxlamağa və əsas təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıram”, - deyə Melikov Telegram kanalında yazıb.
RT mənbəyə istinadən xəbər verir ki, bir yol polisi əməkdaşı və 17 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib.
Xatirə SADİQ