Makron İrana dörd bəndlik təklifin təfərrüatlarını açıqladı
Fransa və avropalı müttəfiqləri Almaniya və Britaniya İrana İsraillə münaqişənin eskalasiyasını dayandırmaq üçün hərtərəfli diplomatik təklif hazırlayır.
SAVASHMEDİA.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Paris yaxınlığındakı Le Burje aviaşousunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə Fransanın xarici işlər naziri Jan-Noel Barro cümə günü “danışıqlar üzrə tam diplomatik və texniki təklif” təqdim etmək üçün Cenevrədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
“İran bizim təklif etdiyimiz danışıqlar platformasına qoşulmağa hazır olduğunu nümayiş etdirməlidir", - deyə Fransa prezidenti vurğulayıb.
Makron İranla nüvə proqramı, ballistik raketlərin inkişafı, İranın imkanlarının məhdudlaşdırılması və regionda sabitliyi pozan terrorçu qruplarının maliyyələşdirilməsinə son qoyulmasını əhatə edən mənalı danışıqlara qayıtmağın vacibliyini vurğulayıb.
O, diqqətə çatdırıb ki, Barro və onun alman, britaniyalı həmkarlarının cümə günü Əraqçıya irəli sürəcəkləri təklifin dörd aspekti olacaq.
Birinci aspekt MAQATE-nin “bütün saytlara daxil olmaq imkanı” ilə işinin bərpa olunmasını – İranın uranın zənginləşdirilməsini tamamilə dayandırmağa doğru hərəkət edə bilməsini nəzərdə tutur.
İkinci və üçüncü aspektlərə İranın ballistik fəaliyyətlərinə və onun regiondakı proksilərini maliyyələşdirməsinə nəzarət daxildir.
“Dördüncü aspekt İranın “girovları” azad etməsidir”, - deyə Makron İran İslam Respublikasında (İRİ) saxlanılan əcnəbilər, o cümlədən iki Fransa vətəndaşı barədə məsələyə toxunub.
“Heç kim nüvə silahına malik İranın yaratdığı riski görməməzliyə vurmamalıdır”, - deyən Makron əlavə edib ki, İRİ İsrail üçün “ekzistensial təhlükə” yaradır.
Eyni zamanda, Fransa prezidenti İsrailin nüvə və ya ballistik infrastrukturdan kənara çıxan hərbi zərbələrinin miqyasını tənqid edib.
“Hesab edirəm ki, mülki infrastruktura, enerji obyektlərinə və mülki şəxslərə hücumlar dərhal dayandırılmalıdır. Heç bir məqsəd buna haqq qazandırmır”, - deyə Makron vurğulayıb.
Fransa prezidenti İsrailə xəbərdarlıq edib ki, təkcə hərbi vasitələrlə İranın nüvə təhlükəsini neytrallaşdırmaq olmaz.
Bu gün Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri, eləcə də Aİ-nin baş diplomatı Kaya Kallas İranla nüvə proqramı haqqında danışıqlar aparacaq.
Bu arada Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidentini İranın nüvə proqramı ilə bağlı danışıqlara qapını açıq saxlamağa çağırıb.
Xatirə SADİQ