Makron Trampın fikrini “xırda məsələ” adlandırdı
“Rusiyadan Avropa İttifaqı (Aİ) ölkələrinə enerji idxalı çox əhəmiyyətsizdir və bu tədarüklər xırda məsələdir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron CBS telekanalına müsahibəsində bildirib.
Fransa prezidenti amerikalı həmkarı Donald Trampın Avropa ölkələrinə “Rusiyadan neft və qaz asılılığını azaltmağa” çağırışını belə şərh edib: “Bu, indi əsas amil deyil, çünki biz əvvəllər Rusiya nefti və qazının istehlakını 80% azaltmışıq”.
Makron hesab edir ki, Avropa Komissiyası vəziyyəti “düzəltmək” üçün artıq böyük iş görüb.
Qeyd edək ki, Aİ-də Rusiya neftinin əsas alıcıları Macarıstan və Slovakiyadır. Belçika, Macarıstan, Yunanıstan, İspaniya, Niderland, Portuqaliya, Slovakiya və Fransa Rusiyadan qaz idxal etməyə davam edir. Fransa Rusiya yanacaq tədarükünü Qətər məhsulları ilə əvəz etməyi planlaşdırır.
Aİ ümumilikdə iyulda Rusiya neftinin alışını əvvəlki ayla müqayisədə üçdə bir azaldıb. Ukraynaya qarşı müharibənin başlamasından sonra Rusiya qazının tədarükdəki payı da azalıb.
Vaşinqton hesab edir ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları kifayət qədər effektiv deyil, çünki Avropa ölkələri Rusiyanın enerji resurslarını almağa davam edir. Bütün NATO ölkələri buna əməl etsələr və Rusiya neftinin alınmasını dayandırsalar, ABŞ Moskvaya qarşı əhəmiyyətli sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.
Ağ Evin fikrincə, Brüssel ABŞ ilə bağlanmış ticarət sazişinə uyğun olaraq Rusiya yanacağından Amerika yanacağının xeyrinə imtina etməlidir.
Xatirə SADİQ