Makrondan Trampın 90 günlük pauzasına reaksiya – “Bu, kövrək fasilədir”

“ABŞ prezident Donald Trampın tarifləri 90 günlük dayandırması yalnız “kövrək fasilə” imkanı verir”.

Apr 11, 2025 - 13:55
Makrondan Trampın 90 günlük pauzasına reaksiya – “Bu, kövrək fasilədir”

SAVASHMEDİA.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində yazıb. 

Makron tariflərin dayandırılması dövründə danışıqların mümkünlüyündən də danışıb. “ABŞ tariflərinin 90 gün müddətinə qismən dayandırılması siqnaldır və danışıqlar üçün açıq qapılardır. Amma bu pauza kövrək olaraq qalır. Çünki polad, alüminium və avtomobillərə 25 faiz tariflər və hər şeyə 10 faiz tariflər hələ də qüvvədədir. Çünki bu fasilə Atlantikin hər iki tərəfindəki və onun hüdudlarındakı bütün bizneslərimiz üçün 90 günlük qeyri-müəyyənlik deməkdir”, - deyə Makron diqqətə çatdırıb.

Makronun sözlərinə görə, Avropa İttifaqına (Aİ) üzv ölkələrin məqsədi bu ədalətsiz tariflərin aradan qaldırılması üçün danışıqlar aparmaq və asimmetriyalarsız balanslaşdırılmış razılığa nail olmaqdır: “Avropa Komissiyası ilə birlikdə biz gücümüzü nümayiş etdirməliyik: Avropa bütün lazımi əks-tədbirlər üzərində işləməyə davam etməli, özünü qorumaq və üçüncü ölkələrdən gələn axının bazarımızı sabitsizləşdirməsinin qarşısını almaq üçün bütün mövcud rıçaqları səfərbər etməlidir”.

Makron həmçinin  sahibkarlar və sənayeçilər ilə ünsiyyətindən də danışıb.

“Amerika tarifləri onların bizneslərinə tam ürəyindən zərbə vurdu. Bizim mübarizə aparmaq hüququmuz var: iş yerləri və regionlarımızın həyatı karta qoyulub. Biz avropalılarla birlikdə şirkətlərimizi və sənayelərimizi qorumaq, iqtisadi suverenliyimizi müdafiə etmək üçün hər şeyi edəcəyik”, - deyə o, xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 9-da ABŞ prezidenti Donald Tramp bəyan etdi ki, dünyanın əksər ölkələrinə qarşı elan etdiyi misli görünməmiş tarifləri 90 gün müddətinə dayandırır. Eyni zamanda, o, bildirdi ki, Çinə qarşı tarif dərəcələrini dərhal 125%-ə qaldırır.

Buna cavab olaraq Aİ də ABŞ-yə qarşı əks-tədbirlərini 90 gün müddətinə ertələdiyini açıqladı, Çin isə Amerika mallarına tarifləri 125%-ə qaldırdı.

Xatirə SADİQ