Mariupolda ukraynalıların evləri müsadirə olunur – BBC-nin araşdırması
Rusiya hakimiyyəti Ukraynaya geniş miqyaslı işğalın başlamasından sonra şəhəri tərk edən ukraynalıların Mariupoldakı evlərini kütləvi şəkildə müsadirə edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BBC-nin araşdırmasında deyilir.
Araşdırmada qeyd edilib ki, 2024-cü ilin iyul ayından bəri işğal olunmuş Mariupolun Rusiya administrasiyası əvvəllər Ukrayna vətəndaşlarına məxsus ən azı 5700 mənzili müsadirə obyekti kimi tanıyıb.
Daşınmaz əmlaklarını saxlamaq üçün ukraynalı sahiblər Rusiya üzərindən Mariupola qayıtmalı, filtrasiyadan, uzun yoxlamalardan və mürəkkəb bürokratik prosedurlardan, o cümlədən Rusiya pasportunun alınmasından keçməlidirlər. Bu, evlərin geri qaytarılmasını faktiki olaraq qeyri-mümkün edir. Buna cəhdlər isə təhlükəlidir.
Müsadirə olunacaq mənzillərin əksəriyyəti əvvəllər ya şəhəri tərk etmiş, ya da 2022-ci ildə 86 günlük mühasirə zamanı həlak olan ukraynalılara məxsus olub. O zaman “Human Rights Watch” təşkilatının məlumatına görə, 8000-dən çox dinc sakin həlak olub, lakin real rəqəm yəqin ki, bundan xeyli yüksəkdir.
Rusiya işğalçı administrasiyası bu cür mənzilləri “tərk edilmiş” adlandırır. Halbuki, onların sahibləri məlumdur – onlar şəhəri tərk etmiş Ukrayna vətəndaşları və ya dünyasını dəyişmiş Mariupol sakinlərinin varisləridir. 2024-cü ildə bu mənzillərin yeni sahiblərə – “DXR” adlanan Rusiya vətəndaşlarına verilməsi prosesini sürətləndirən “qanun” qəbul edilib.
Bu arada Mariupolda aktiv “ruslaşdırma” davam edir: hərbi obyektlər tikilir, küçələrin adları dəyişdirilir, Ukrayna rəmzləri olmayan yeni gerb təsdiq edilib.
Hüquqşünaslar qeyd edirlər ki, Rusiya bu hərəkətləri beynəlxalq hüququ, o cümlədən Cenevrə və Haaqa konvensiyalarını pozur.
Xatirə SADİQ