“Taliban”ın fəaliyyətinə qadağa aradan qaldırıldı – Rusiyada
Rusiya Ali Məhkəməsi Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanı dayandırıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə bu qərarı Baş Prokurorluğun iddiası əsasında qəbul edib.
Məlumata görə, məhkəmə iclası qapalı rejimdə keçirilib. Qərar dərhal qüvvəyə minib.
2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin terrorizmi təbliğ etməyi, haqq qazandırmağı və dəstəkləməyi dayandıran təşkilatın terrorçular siyahısından çıxarılması mexanizmini tətbiq edən qanun imzalayıb. Ali Məhkəmənin qərarının qüvvəyə minməsi “Taliban”ın bu siyahıdan çıxarılmasına imkan verir.
“Taliban” Rusiyada 2003-cü il fevralın 14-də Ali Məhkəmənin qərarı ilə qadağan olunuşdu. Məhkəmə sənədlərində 1994-cü ildə Əfqanıstanda yaradılan hərəkatın Çeçenistanda fəaliyyət göstərən qeyri-qanuni silahlı qruplarla əlaqə saxladığı iddia olunurdu.
2024-cü ildə Vladimir Putin bəyan edib ki, “Taliban” Əfqanıstanda qanuni hökumət olduğundan Rusiya “reallıqdan çıxış etməli və münasibətləri ona uyğun qurmalıdır”.
Xatirə SADİQ