Mark Rutte Estoniyanın baş nazirindən küsüb?
NATO-nun baş katibi Mark Rutte ilə Estoniyanın baş naziri Kristen Mixal arasında mübahisə yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə üç avropalı məmura istinadən Fox News məlumat yayıb.
Telekanal iddia edib ki, mübahisə ötən həftə Rusiyadan üç qırıcı təyyarənin hava məkanını pozmasından və Estoniyanın NATO Nizamnaməsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələr tələb etməsindən sonra yaranıb. Qeyd edilib ki, Rusiyanın NATO hava məkanını bu yaxınlarda pozması Alyans daxilində həm güc tətbiq etməklə, həm də kollektiv müdafiəni məhdudlaşdırmaqla necə cavab veriləcəyi ilə bağlı fikir ayrılıqlarını kəskinləşdirib.
Avropalı məmurların sözlərinə görə, Rutte xəbərdarlıq edib ki, 4-cü maddəyə tez-tez müraciət olunması müqavilənin özünü dəyərsizləşdirə bilər. Rutte hətta Estoniya baş nazirinə səsini yüksəldib. O, bildirib ki, həyəcan barədə tez-tez siqnal verilərkən NATO ehtiyatlı olmalıdır. NATO-nun baş katibi iddia edib ki, 4-cü maddənin Rusiya tərəfindən ölkənin suverenliyinin hər pozulmasına tətbiqi onun səmərəliliyini tez yoxa çıxaracaq.
NATO sözçüsü Rutte və Mixalın sentyabrın 26-da danışdıqlarını təsdiqləyib. O, bildirib ki, baş katib “bütün proses boyu Estoniyanı dəstəklədiyini” vurğulayıb, Estoniya hökuməti isə baş nazirin NATO-nun hərəkətlərinə görə təşəkkür etdiyini bildirib.
Litvalı deputat və NATO baş katibinin keçmiş köməkçisi Gedrimas Yeqlinskas deyib ki, NATO hər həftə 4-cü maddə üzrə məsləhətləşmələr çağıra bilər. Lakin o, bunun Alyansı daha da güclü edəcəyinə şübhə ilə yanaşdığını bildirib. Çünki “bu, yalnız Rusiyanın bizə yönəltdiyi təcavüzə effektiv cavab verə bilməyəcəyimizi göstərəcək”.
Yeqlinskis xəbərdarlıq edib ki, yalnız siqnallarla məsələ dalana dirənə bilər: “Təyyarələr gerçəkdən yenidən hava məkanımıza uçduqda nə baş verəcək?”.
Xatırladaq ki, Estoniyanın tələbindən sonra NATO Rusiyaya xəbərdarlıq edib ki, istənilən növbəti pozuntular “bütün müdafiə vasitələri ilə” qarşılanacaq. Estoniyanın müdafiə naziri Hanno Pevkur bəyan edib ki, ölkəsi “zərurət yaranacağı təqdirdə” Rusiya təyyarələrini vurmağa hazırdır.
Xatirə SADİQ