Marko Rubio ilk səfərində Panamaya yollanacaq
ABŞ dövlət katibi Marko Rubio gələn həftə ilk dövlət səfərini Panamaya etməyi planlaşdırır.
SAVASHMEDİA.az bu barədə “Politico” və “Bloomberg”ə istinadən xəbər verir.
Mənbələrin sözlərinə görə, Latın Amerikasına səfəri çərçivəsində dövlət katibinin ilk ölkə kimi Panamanı seçməsi ABŞ prezidenti Donald Trampın Panama kanalını geri qaytarmaq niyyətinin ciddiliyini nümayiş etdirir.
“Politico”nun mənbələri bildiriblər ki, Marko Rubio səfəri zamanı qeyri-qanuni miqrasiya məsələləri ilə məşğul olacaq səfərin planları ilkin xarakter daşıyır.
Nəşr yazır ki, Meksika sərhədindən ABŞ-yə daxil olmağa çalışan qeyri-qanuni miqrantlar əsasən Latın Amerikası ölkələrindən gəlirlər. Ona görə də Rubio Panama ilə yanaşı Qvatemala, El Salvador, Kosta Rika və Dominikan Respublikasına da səfər etmək niyyətindədir. Yeri gəlmişkən, bu il Dominikanda Qərb yarımkürəsi ölkələrinin sammiti keçiriləcək. Bu sammitə, adətən, ABŞ prezidenti də qatılır.
Dövlət Departamentinin sözçüsü Temmi Brüs bildirib ki, Rubio Qərb yarımkürəsini prioritet seçib: “Bu, yaşadığımız yerdir. Digər administrasiyaların etdiyi kimi, biz regiona etinasızlığı davam etdirməyəcəyik. Qonşularımızla qarşılıqlı əlaqə miqrasiya, təchizat zəncirləri və iqtisadi artım problemlərinin həllində mühüm elementdir",
Nəşr xatırladıb ki, adətən Dövlət Departamenti rəhbəri ilk xarici səfərini ABŞ-nin geosiyasi baxımdan mühüm müttəfiqi olan ölkəyə edir. Onun sələfi Antoni Blinken ilk xarici səfəri zamanı Yaponiyaya yollanmışdı.
Xatirə SADİQ