"Medvedev həqiqətən belə deyib?" - Trampdan SƏRT SÖZLƏR

ABŞ prezidenti Donald Tramp Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin digər ölkələrin nüvə arsenallarını İrana təhvil verə biləcəyi fikrinə sərt münasibət bildirib. 

Jun 24, 2025 - 14:25
"Medvedev həqiqətən belə deyib?" - Trampdan SƏRT SÖZLƏR

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti bu barədə “Truth Social” şəbəkəsində yazıb. 

Tramp sual edib: “Mən həqiqətənmi eşitmişəm ki, Medvedev İrana nüvə başlıqları verəcəyini vəd edib? Doğrudanmı o, bunu deyib, yoxsa bu, sadəcə mənim təxəyyülümün məhsuludur? Əgər bunu deyibsə və təsdiqlənibsə, lütfən, DƏRHAL mənə xəbər verin”.

ABŞ prezidenti işarə edib ki, “nüvə” sözü tabudur və ona “belə saymazyana” münasibət göstərmək olmaz: “Düşünürəm ki, Putin buna görə də BOSSdur  (bunu özünə icazə vermədiyi üçün)”.

O, nəzərə çatdırıb ki, hazırda ABŞ-nin ən güclü və ən yaxşı silahı – nüvə sualtı qayıqlarıdır: “Onlar indiyə qədər yaradılmış ən güclü və öldürücü silahlardır”. 

Tramp ölkəsinin nüvə sualtı qayıqlarının İrandakı nüvə obyektlərinə uğurlu zərbə endirdiyini xatırladıb. Onun sözlərinə görə, 30 “Tomaqavk” qanadlı raketi buraxılıb və onların hamısı “hədəfi mükəmməl vurub”.

Medvedev “Telegram” kanalında “Amerikalılar gecə İranda üç nöqtəyə zərbə endirməklə nəyə nail oldular?” istehzalı sualı ilə Vaşinqtonun və İsrailin ünvanına şərh yazmışdı. O, bildirmişdi ki, zərbə nəticəsində İran hərbi nüvə proqramını davam etdirəcək və nüvə silahı yaradacaq. “Bir sıra ölkələr İranı birbaşa nüvə silahı ilə təmin etməyə hazırdırlar”, - deyən keçmiş prezident kimi nəzərdə tutduğunu açıqlamamışdı.

Trampın cavabından sonra isə Medvedev tez bildirib ki, Rusiya İrana nüvə silahı vermək niyyətində deyil, çünki o, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl edir: “Ancaq başqa ölkələr bunu edə bilər – və mənim demək istədiyim budur”.

Xatirə SADİQ