Məhkəmə rus generalın cəbhəyə getmək arzusunu gözündə qoydu
Moskvanın hərbi məhkəməsi bu gün dələduzluqda ittiham olunan general İvan Popovun barəsində həbs-qətimkan tədbirinin yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətini rədd edib və onu istintaq təcridxanasından azad etməkdən imtina edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “TASS”a istinadən “Azadlıq Radiosu” məlumat yayıb.
Ötən həftə Popovun vəkili iddia edirdi ki, general tezliklə Ukrayna müharibəsinə gedəcək və ona qarşı cinayət işi dayandırılacaq. Vəkilin sözlərinə görə, müdafiə tərəfi Müdafiə Nazirliyi ilə birlikdə iş üzrə icraatın dayandırılması və generalın cəbhəyə göndərilməsi ilə bağlı “müsbət qərarla əlaqədar” həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət hazırlayıb. Amma prokurorluq Popovun 6 il müddətinə azadlıqdan və general-mayor rütbəsindən məhrum edilməsini istəyir.
SHOT “telegram” kanalı müəyyənləşdirmişdi ki, müvafiq petisiya Ukraynada döyüşən bölmələrdən birinin rəhbərliyi tərəfindən göndərilib. Lakin Popov hələ də istintaq təcridxanasında qalmaqdadır.
Mart ayında Popovun Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək orduya qayıtmasını xahiş etdiyi bildirilirdi.
“Kommersant” qəzeti yazırdı ki, məktubda general-mayor bütün həyatını orduya həsr etdiyini, Vladimir Putinin onun üçün “mənəvi oriyentir və təqlid üçün nümunə” olduğunu vurğulamışdı.
Xatirə SADİQ