Dominikanda gecə klubunun dağıntıları təmizləndi
Dominikan Respublikasında gecə klubunun damının uçmasından sonra dağıntıların təmizlənməsi başa çatdırılıb.
SAVASHMEDİA.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Agentlik yazır ki, indiyədək ölənlərin sayı 221 nəfər təşkil edir. Məmurlar bildiriblər ki, dağıntılar altından 189 nəfər xilas edilib, 200-dən çox yaralı var, onlardan 23-ü xəstəxanadadır, səkkizinin vəziyyəti ağırdır.
Səhiyyə naziri Viktor Atallah bəzi xəstələrdə kəllə, omba və çanaq sümüyü sınıqlarının olduğunu qeyd edib.
Yerli media 146 cəsədin kimliyinin müəyyən edildiyini yazıb. Həlak olanlar arasında Beysbol Liqasının (MLB) keçmiş oyunçuları Oktavio Dotel və Toni Enrike Blanko Kabrera, Monte-Kristi əyalətinin qubernatoru Nelsi Kruz (MLB-nin yeddiqat ulduzu Nelson Kruzun bacısı), BMT-nin keçmiş əməkdaşı, saksofon ifaçısı Luis Solis (faciə zamanı səhnədə olub), Nyu-Yorklu dizayner Martin Polanko, ictimai işlər üzrə nazirin oğlu və gəlini, gənclər naziri müavininin qardaşı və “Grupo Popular” maliyyə qrupunun üç əməkdaşı, o cümlədən “AFR Popular” bankının prezidenti və onun həyat yoldaşı da var.
Artıq gecə klubunun çökməsi nəticəsində həlak olanların dəfn edilməsinə başlanılıb.
Klub səhnəsində çıxış edərkən həlak olmuş müğənni Rubbi Pereslə vida mərasiminə ölkə prezidenti Luis Abinader və birinci xanım Rakel Arbaje də qatılıblar.
Damın uçmasının səbəbi hələlik məlum deyil. Binaya sonuncu dəfə nə vaxt baxış keçirildiyi də məlum deyil.
Dominikan hökuməti hərtərəfli araşdırma aparacağını bildirib, klub sahibləri isə əməkdaşlıq edəcəklərinə söz veriblər.
Ölkə prezidentinin sözçüsü Homero Figueroa bildirib ki, hökumət faciəni araşdırmaq üçün milli və beynəlxalq ekspertlərdən ibarət xüsusi qrupun yaradılmasını bəyənib.
Xatirə SADİQ