Məleykə Abbaszadədən taksi sürücüsü işləyən "xalası oğlu" ilə bağlı AÇIQLAMA 

O, özünü Məleykə Abbaszadənin xalası oğlu kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

Nov 5, 2024 - 15:42
Məleykə Abbaszadədən taksi sürücüsü işləyən "xalası oğlu" ilə bağlı AÇIQLAMA 

Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən 1984-cü il təvəllüdlü Xəyal Abdıyev özünü Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin xalası oğlu kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

SAVASHMEDİA.az xəbər verir ki, manset.az Xəyal Abdıyevin söylədiklərini dəqiqləşdirmək məqsədilə Məleykə Abbaszadə ilə əlaqə saxlayıb. O, həmin adda xalası oğlu olmadığını bildirib:  

“Ümumiyyətlə, mənim heç bir qohumum həbs olunmayıb. Bilmirəm kim özünü mənim qohumum adlandırıb. Yayılan məlumat haqqında mənim xəbərim yoxdur. Hər halda onun yalan danışması sübut olunub ki, məhkəmə ona cəza təyin edib. Təəssüf ki, mənim qohumlarımın çoxu ölüb”.

Qeyd edək ki, Xəyal Abdıyevə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsinə əsasən 7 il həbs cəzası verilib.