“Mən prezidentəm, prezident də olacağam ” – Zurabişvili
“Mənim şəxsi mübarizəm davam edir və sona qədər də davam edəcək, çünki mən bu ölkənin prezidentiyəm”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili yeni ofisində keçirdiyi brifinqdə deyib.
O, qeyd edib ki, sabah Zuqdidiyə gələcək və ABŞ-dən qayıtdıqdan sonra Gürcüstanın müxtəlif bölgələrinə səfər edəcək.
Salome Zurabişvili izah edib ki, onun üzərinə ölkəni dinc yolla aparmaq kimi böyük məsuliyyət düşür.
“Mübarizə davam edir, onun əsas komponenti küçədə dayanan insanlardır, mən imkan daxilində onlara qoşuluram. O insanlar təkcə Tbilisidə deyil, Tbilisidən kənarda da dayanırlar. Vətəndaşlarımız harada olurlarsa-olsunlar, onların yanında dayanmalıyıq, mənim məqsədim budur. Hər kəslə əlaqəm olacaq. Bu ölkəni demokratiya, azadlıq və onun kursu olmadan əldə edilə bilməyən dinc yola çıxarmaq üçün sizinlə birlikdə mənim çox böyük məsuliyyətim var”, - Zurabişvili bildirib.
O, deyib ki, yeni seçkilərin təyin edilməsi ilə bağlı iki fikir yoxdur: “Hakim partiya dağılacaqsa, seçkilər avtomatik olaraq təyin olunacaq, bu onun qaçılmaz gələcəyidir, əgər indi ağlı başına gəlib seçki çağırmasa, bu baş verəcək. Ona görə də seçkilərin təyin olunacağına şübhə yoxdur. Mən prezidentəm, prezident də olacam. Bu seçkilərdə partiyaların sıralanması və mənim onlarda iştirakım sabahın sualıdır”.
Sabiq president “Gürcü arzusu” partiyasını Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaqda ittiham edib.
“Bu gün iqtisadiyyatımız, əsasən, durğunluq içindədir. Düzdür, ilk növbədə son vaxtlar xeyli sərtləşən sanksiyalardan yan keçmək hesabına hələ də müəyyən gəlir var. Maliyyə gəlirlərinin mənbələrindən biri də Gürcüstandan, guya, Orta Asiyaya, əslində isə Rusiyaya ixrac edilən bahalı avtomobillərdir. Gürcüstandan avtomobilin çıxarılmasının qiyməti çox yüksəkdir”, - deyə Zurabişvili nəzərə çatdırıb.
Onun sözlərinə görə, həmin avtomobillərdə başqa nə olduğu hələlik məlum deyil: “Bu, ciddi problemdir və yəqin ki, bu gün də hakim partiyanın müəyyən gəlirlərini saxladığı mənbələrdən biridir”.
Xatirə SADİQ