“Mən Trampla Medvedevin polemikasına qarışmıram” - Peskov

Rusiyada nüvə problemi ilə bağlı istənilən bəyanata “çox diqqətlə” yanaşılır. 

Aug 4, 2025 - 14:56
“Mən Trampla Medvedevin polemikasına qarışmıram” - Peskov

SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu ABŞ prezidenti Donald Trampın iki nüvə sualtı qayığının Rusiyanın yaxınlığında yerləşdirilməsi qərarını şərh edərkən deyib.

“Amerika sualtı qayıqları onsuz da döyüş növbətçiliyindədir. Bu, daimi prosesdir. Bu, birincisi. Ümumiyyətlə, əlbəttə, belə mübahisəyə qarışmaq və bunu şərh etmək də istəməzdim. Biz nüvə problemi ilə bağlı istənilən bəyanata çox diqqətli münasibət bəsləyirik. Bilirsiniz ki, Rusiya məsuliyyətli mövqe tutur, prezident Putinin mövqeyi hamıya məlumdur. Rusiya nüvə silahının yayılmaması məsələsinə çox diqqətli yanaşır. Biz hesab edirik ki, hər kəs nüvə ritorikası ilə çox, çox diqqətli olmalıdır”, - deyə Peskov vurğulayıb.

“Kreml Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə xarici siyasətlə bağlı açıqlamalarında öz səs tonunu aşağı salmağı məsləhət görməyə hazırlaşmırmı?” sualına cavabında Peskov bildirib ki, hər bir ölkədə rəhbərliyin üzvləri baş verən hadisələrlə bağlı müxtəlif baxışlara malik olur: “ABŞ və Avropa ölkələrində çox sərt əhval-ruhiyyəyə malik insanlar var, ona görə də bu, həmişə belə olur”.  

Xatirə SADİQ