Səslər səslənmək istər
Təxminən 70 il bundan əvvəl dəniz sahilinə getmişdim. Güclü külək əsirdi. Dalğalar uğultu ilə şahə yüksəlirdi.
Haradansa könlümə müğənnilik düşdü. Başladım ucadan mahnı oxumağa. Müslüm Maqomayevin dəniz haqda müəllif əsərini. Belə adətim yox idi.
Uzaq başı uşaqlıqda hamam otağında tək olanda zümzümə etmişəm. Sahildə də tək idim. Səsimi nə qədər qaldırsam da, uğultudan özümü eşitmirdim. Evə gələndə hiss etdim ki, boğazım, səsim açılıb. Bircə dəfə oxumaqla. Gör, bütün günü əlinə kitab alıb oxuyanları demirəm, daraq, fen götürüb oxuyanların səsi necə açılır! Özünü inandırmağa kifayət qədər. Mən isə vaxtı itirmədən Rəşid Behbudovun repertuarından sevdiyim mahnını oxuyub, səsimi telefona yazdım. Yazı soyumamış, onu isti-isti əzizlərimə göndərdim. Bəyəndilər. Daha çox təəccübləndilər.
O vaxtdan yüz il keçib. İndi, deyəsən, məndən başqa bütün dünya oxuyur. Səs müsabiqələri - Voice'lar - nəinki "guruldayan" dövlətlərdə, eləcə də beynəlxalq aləmdə "voysu çıxmayan" ölkələrdə də keçirilir.
Voice'un vətəni sayılan Niderland və bütün Avropa, hətta döyüşən Ukrayna. ABŞ, Kanada, Meksika, Venesuela, Kolumbiya, Argentina, Braziliya, Çili, Paraqvay, Ekvador, CAR, Namibiya, Nigeriya, Angola, Kot-d'İvuar, Çin, Hindistan, Nepal, Myanma, Tailand, Banqladeş, İndoneziya, Avstraliya...
Bunların hamısında Voice keçirilir. Hə, + Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Koreya Respublikası, Vyetnam, Laos, Kamboca... Bu yarışların hamısından epizodlar görmüşəm. Hətta Rusiya da oxuyur. Əgər hansısa dövlətin adını çəkmədimsə, ümid edirəm bu, beynəlxalq münaqişəyə səbəb olmaz. Hamısında çox iştirakçı etiraf edir ki, səhnəyə çıxmağı uşaqlıqdan arzulayıb.
Əlbəttə, oxumaq yaxşı şeydir. Xüsusilə nüfuzlu unuversitetdə. Amma səhnədə mahnı, arıya ifa etmək bambaşqadır. Musabiqələrdə hərdən yaxşı səs də eşidilir. Daha çox isə çaş-baş oluram: bu adam ya özünü dinləmir, ya da əsl müğənniləri. Dinləsəydi, heç olmasa xəcalət çəkərdi. Amma, necə deyərlər, utanmasan oynamağa (oxumağa) nə var ki...
Bəs bu kütləni - istedadlı və istedadsızları - səhnəyə cəlb edən nədir? İlk növbədə şan-şöhrət. İnsan övladı bunu sevir. Həm də var-dövlət cəlb edir. Müğənnilər, bir qayda olaraq, hər xanəndə, repçi, popçu - artıq təmin edilib. Özü narazı qalıbsa da, sosial vəziyyəti orta statistik vətəndaşın maddi halından xeyli yüksəkdir. İnsan isə bunun hərisidir. Hazırda səsi kompyuterdə saxtalaşdırmaq mümkündür. Təki peşəkar prodüser səni himayəsi altına alsın. Sonra onu - səsini - biz, necə deyərlər, hər ütüdən eşidəcəyik. Yazıqlar olsun bizə!
Şübhə var ki, 60-cı illərdə Müslüm Maqomayevin çox yaxşı aytiçisi olub. Əks halda o cür gözəl bariton, büllur kimi cingiltili səs haradandır?! Deyəcəksən, o vaxt kompyuter yox idi. Deməli, Maqomayevin məhz fitri səsi, istedadı sayəsində indi bizim belə tükənməz sərvətimiz var. Rəşid Behbudovun səsi isə uşaqlıqdan mənə qızıl rəngli çiçək balını xatırladıb: bal axır və sarı yağa qarışır. Dadlı səsdir!.. Şirindir. Rəşidin özü demişkən, "Şo-ko-lad ki-mi".
Müasir müğənnilərdən səsdən çox artistlik, xoreoqrafiya tələb olunur. Yaxşı dedim, amma düz söyləmədim. Əslində, dingildəmək, yarıçılpaq geyim, tamaşaçını coşduran şəhvətli hərəkətlər... Onları səhnə, qastrol səfərləri, teleşoular gözləyir. O xoşbəxt bir daha ictimai nəqliyyatda getməyəcək, ərzaq dükanına girməyəcək. Yolunu yalnız brend paltarlar və zərgərlik məmulatları mağazalarından, butiklərdən salacaq. Özü də Milanda. Hətta o, konsert verməsə, restoran və şadlıq saraylarında oxusa belə, qoca anası, cavan arvadı, dostu, rəfiqəsi onunla sanki Olimpiya çempionu imiş kimi fəxr edəcəklər.
"Mən filankəsin fanatıyam". Bu ifadə yəqin tanışdır və "Mən filankəsin dəlisiyəm" kimi alçaldıcı etirafı xatırladır. Bəli, "fanat" sözü mənaca "pərəstişkar" deyil, məhz "dəli" sözünə uyğundur. Fanatlar müvafiq birlik - fanklub yaradırlar, "ulduz" adlandırdıqları "kərpic"in "işığina" gedir, onun ardınca qastrollara yollanır, artıq xərcdən çəkinmirlər. Təhlil məqsədilə bir neçə müğənninin YouTube kanalına nəzər saldım. Sən də baxsan görərsən ki, bu oyunda altılıqlar böyuk kartları vurur. Hər bir "ulduz"un fanatları eyni həvəs və məftunluqla öz sevimlisini tərifləyir, onu dünyada, hətta tarixdə ən yaxşı müğənni adlandırırlar. Əgər şüurunu itirməmisənsə, anlayırsan ki, bu, belə deyil.
Bütün dəlilərə, pardon, fanatlara şəfa diləyi ilə,
A.ƏZİZ