"Mən Yanukoviç deyiləm, qaçmayacağam" - Əsəd Putinə söz veribmiş + MƏKTUB
Rusiyanın kütləvi informasiya vasitələri (KİV) Suriya prezidenti vəzifəsindən istefa verməyə məcbur olmuş Bəşər Əsədi Ukraynanın sabiq prezidenti Viktor Yanukopviçlə müqayisə etməyə başlayıblar.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya KİV-ləri Bəşər Əsədin 2015-ci ildə dediyi vədi xatırladıblar.
Əsədin həmin vədi 2021-ci ildə “Regnum”un məqaləsində müzakirə edilib.
Həmin məqalədə İmperator Pravoslav Fələstin Cəmiyyətinin (IPOS) sədri Sergey Stepaşinin danışdığı hadisədən bəhs olunub. Stapaşin xatırladıb ki, 2015-ci ildə Rusiya prezidenti Vladimir Putinin məktubunu Əsədə çatdırmaq üçün Suriyaya səfər edib.
Stepaşinin sözlərinə görə, Əsəd ondan Ukraynanın eks-prezidentinin taleyini təkrarlamaq fikrində olmadığını Putinə söyləməyi xahiş edib.
“Qoy, narahat olmasın, mən Yanukoviç deyiləm, qaçmayacağam”, - deyə Əsəd bildirib.
Stepaşin qeyd edib ki, suriyalı həmkarının sözləri Putin üçün Dəməşqi dəstəkləməyə davam etmək lehinə ciddi arqumentə çevrilib.
Lakin 2024-cü il dekabrın 8-də məlum olub ki, Dəməşqə doğru irəliləyən müxalif qruplarla danışıqlar apardıqdan sonra Əsəd ölkəsini tərk edib. O, prezidentlikdən istefa verməyə və hakimiyyəti dinc yolla ötürməyə üstünlük verib.
Rusiya KİV-ləri bu hadisəni “Əsəd 2015-ci ildə verdiyi vədin əksinə olaraq, Yanukoviçin taleyini təkrarladı” sərlövhəsi ilə tirajlamağa başlayıblar.
Xatirə SADİQ