"Mənə bir şey olsa, sizi yer üzündən siləcəklər" - Tramp hədələdi

ABŞ prezidenti Donald Tramp İranı yenidən təhdid edib. 

Jan 22, 2026 - 00:49
"Mənə bir şey olsa, sizi yer üzündən siləcəklər" - Tramp hədələdi

SAVASHMEDİA.az xəbər verir ki, o, yanvarın 20-də "NewsNation" telekanalına müsahibəsində İranın ona qarşı sui-qəsd etmə ehtimalına cavab olaraq deyib ki, ona "bir şey olarsa, İran yer üzündən silinəcək". 

"Bu barədə təlimatlar vermişəm. Əvvəllər də mənim haqqımda bu cür bəyanatlar veriblər. O vaxt Co Bayden prezident idi, o isə bu haqda heç nə demədi. Halbuki, mən prezident ola-ola onlar prezident olmayan birinə nəsə etsələr, mən onlara çox pis zərbə endirərəm", - Tramp qeyd edib.

ABŞ prezidentinin İranın konkret hansı bəyanatına istinad etdiyi aydın deyil. Tramp daha öncə çıxışlarında ona qarşı 2024-cü ilin iyulunda, prezidentliyə namizədlik kampaniyası zamanı edilən sui-qəsd cəhdinin arxasında İranın ola biləcəyini ehtimal edib.

Başda ali lider Ayətullah Əli Xamenei olmaqla İran rəsmiləri isə Trampın özünə qarşı birbaşa təhdidlər səsləndirməsə də, dəfələrlə ABŞ-nin İrana hərbi müdaxilə edəcəyi halda, İranın eyni qaydada cavab verəcəyini bildiriblər. 

İranın xarici işlər naziri Abbas Əraqçı yanvarın 20-də "The Wall Street Journal" üçün yazdığı məqalədə ABŞ-yə xəbərdarlıq edib ki, əgər Tehran yenidən hücuma məruz qalarsa, “əlimizdə olan bütün vasitələrlə cavab atəşi açacağıq”.

Oğuz