Merkel “günah keçisi” olmaq istəmir - “Zelenskiyə heyranam”

Almaniyanın keçmiş kansleri Angela Merkel hesab edir ki, NATO-nun 2008-ci il sammitində tutduğu mövqeyə görə onu Ukraynadakı müharibənin “günah keçisi”nə çevrirlər.

Nov 22, 2024 - 19:24
Merkel “günah keçisi” olmaq istəmir - “Zelenskiyə heyranam”

SAVASHMEDİA.az xəbər verir ki, bunu Merkel “Spiegel” nəşrinə müsahibəsində deyib. 

2008-ci il NATO sammitində davranışına görə Rusiya-Ukrayna müharibəsi üçün “günah keçisi”nə çevrildiyini hiss edib-etmədiyi sualına eks-kanslerin cavabı qısa olub: “bu, sadəcə, hiss deyil, həqiqətdir”.

“Məsələn, Volodimir Zelenski məni və Fransanın eks-prezidenti Sarkozini dəhşətli qırğından sonra Buçaya gəlməyə çağırdı. Görünür, Buxarestdəki mövqeyimizin Buçadakı ölümlərə görə məsuliyyətini nəzərdə tuturdu”, - deyə Merkel əlavə edib.

O, qeyd edib ki, demək olar ki, üç il davam edən müharibə dövründə cəsarətinə və qətiyyətinə görə Zelenskiyə heyran qalıb, lakin 2008-ci il Buxarest məsələsində  onunla razı deyil.

“Mən dönə-dönə, o cümlədən 2008-ci ildə Buxarestdə xəbərdarlıq etmişəm. Putin Sovet İttifaqının dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti hesab edir və təbii ki, mən bu nəzər-nöqtəsini bölüşmürəm. Bundan o, Rusiya üçün ekzistensial təhlükənin olduğu qənaətinə gəlir və mümkün olan hər yerdə digər keçmiş sovet respublikalarını nəzarətdə saxlamağa, münaqişələri qızışdırmağa çalışır. Xəbərdarlığımda haqlı idim. Çünki Putin hələ 2008-ci ildə Gürcüstanı işğal edib”, – Merkel vurğulayıb.

Putinin nəyə qadir olduğunu bu qədər aydın şəkildə bilən Merkelin niyə heç bir nəticə çıxarmaması ilə bağlı irada gəlincə, o, nəticə çıxardığını bildirib.

"Məncə, Rusiya ilə münaqişələri sülh yolu ilə həll etməyə çalışmaq lazım idi. Eyni zamanda, biz çəkindirmə prinsipini də gücləndirdik. 2014-cü ildə NATO-nun Uelsdə keçirilən sammitində hədəf qoyuldu ki, bütün ölkələrə ÜDM-in 2%-ni müdafiəyə sərf etsinlər. Mən etiraf edirəm ki, onun təşviq edilməsi enerjisi məhdud idi”, - deyə Merkel söyləyib. 

Merkelin Putinin təcavüzünün qarşısını effektiv şəkildə almaması, Almaniyanın müdafiəsini gücləndirməməsi, Ukraynanı silahla təmin etməməsi və ya Almaniyanı Rusiya qazından asılılığından xilas etməməsi ilə bağlı tənqidlərə cavab olaraq eks- kansler “bu gün bir çox mühüm məqamlar unudulmaqdadır” cavabını verib.

Buna misal olaraq o, Ukrayna və Polşanın öz əraziləri vasitəsilə Rusiya qazının idxalına və bunun üçün vəsait almasına əsaslı şəkildə qarşı olmadıqları faktını xatırladıb. 

Merkel onu da qeyd edib ki, Vladimir Putin prezidentliyinin əvvəlində Ukraynaya hücum etmək niyyətində deyildi və onun planı illər ərzində, o cümlədən Qərbin davranışlarını nəzərə alaraq formalaşıb.

Xatırladaq ki, 2008-ci ildə Buxarestdə keçirilən NATO sammiti zamanı məhz Angela Merkel və Nikola Sarkozi Ukraynanın NATO-ya üzvlük üzrə Fəaliyyət Planına qoşulması barədə ABŞ-nin o vaxtkı prezidenti Corc Buşun təklifinə razılıq verməyiblər. 

Xatirə SADİQ