“Merkel ya özünü axmaqlığa qoyub, ya da həqiqətən axmaqdır” 

Estoniya parlamentinin üzvü Erik-Niiles Kross bu yaxınlarda Rusiya və Kreml lideri Vladimir Putinin təcavüzü ilə bağlı bir sıra qalmaqallı açıqlamalar verən Almaniyanın keçmiş kansleri Angela Merkeli sərt şəkildə pisləyib.

Oct 7, 2025 - 15:38
“Merkel ya özünü axmaqlığa qoyub, ya da həqiqətən axmaqdır” 

SAVASHMEDİA.az xəbər verir ki, estoniyalı deputat bu barədə Postimees portalında yazıb. 

Kross hesab edir ki, Almaniya hökumətinin keçmiş rəhbəri indiyədək öz səhvlərini dərk etməyib.

Deputat özəlliklə Merkelin Vladimir Putinlə birbaşa əlaqə yaratmaq istəyi və onun sözlərinə görə, Polşa və Baltikyanı ölkələrin bunun qarşısını necə alması ilə bağlı bəyanatına diqqət çəkib.

Onun sözlərinə görə, Estoniyanın o vaxtkı baş naziri Kaya Kallas alman həmkarının Putini Avropa İttifaqı (Aİ) sammitinə dəvət etmək istəyini tənqid edib. Həmin dövrdə Kallası İtaliyanın o vaxtkı baş naziri Mario Draqi “və hətta Viktor Orban” dəstəkləyib.

“Nazirlər Şurası Putinlə görüş ideyasını dəstəkləmədi, birgə mətbuat konfransı ləğv edildi və Merkel vida hədiyyəsindən məhrum olundu. O zaman Estoniya diplomatlarında Merkelin öz səhvini dərk etdiyi təəssüratı yaranmışdı”, - deyə Kross xatırladıb.

Onun sözlərinə görə, bundan sonra Merkel hətta Kallası nahara dəvət etdi, Latviya və Litvanın baş nazirlərinə zəng edərək onlarla məsləhətləşmədiyinə görə üzr istəyib. “Lakin görünür, o, hələ də ideyanın yaxşı olduğuna inanır”, - eston deputat əlavə edib.

Kross vurğulayıb ki, 2022-ci ilin fevralından başlayaraq Berlində bir neçə yüksək vəzifəli məmur və siyasətçi açıq və özəl şəkildə etiraf ediblər ki, Rusiyanın işgüzar əlaqələr və qarşılıqlı iqtisadi asılılıq vasitəsilə cilovlana biləcəyinə inanmaqla Almaniya səhv edib.

“Amma bu, məhz Merkelin siyasəti olduğuna görə, yəqin ki, bu xanım hələ də həyatının işinə vicdanla nəzər sala bilmir. Bilmirəm, ya özünü axmaqlığa qoyub, ya da, həqiqətən axmaqdır. Xoşbəxtlikdən onun vaxtı keçib”, - deyə deputat əlavə edib.

Krossun fikrincə, rus trolları ordusu Merkelin müsahibəsindən sui-istifadə etməyə çalışsalar da bu, şübhəsiz ki, Almaniyanın cari kursuna təsir etməyəcək və əksinə, NATO birliyinə töhfə verəcək.

Merkel bu yaxınlarda verdiyi müsahibəsində 2021-ci ildə Emmanuel Makronla birlikdə Aİ ilə Putin arasında danışıqlar təşkil etmək istədiyini, lakin Baltikyanı ölkələrin və Polşanın buna qarşı çıxdığını bildirib. O, həmçinin hesab edir ki, COVID-19 pandemiyası Vladimir Putinin Ukraynanı işğal etmək qərarına təsir edib.

Onun sözləri Polşa, Litva və Estoniyada hiddət doğurub.

Xatirə SADİQ