Merts və Makron Rusiyaya təzyiqləri artırmağa çağırdılar

Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron Kanadada keçirilən G7 toplantısından sonra Rusiyaya təzyiqi artırmağa çağırıblar.

Jun 18, 2025 - 13:19
Merts və Makron Rusiyaya təzyiqləri artırmağa çağırdılar

SAVASHMEDİA.az xəbər verir ki, hər iki ölkənin lideri bu barədə “X” sosial mediasında post paylaşıb. 

“ABŞ-nin Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək qərarı ilə bağlı ehtiyatlı nikbinliklə Almaniyaya qayıdıram. Biz mümkün olan hər şeyi etməliyik ki, Ukraynaya qarşı müharibəni mümkün qədər tez bitirək. Top Moskvanın meydançasındadır”, - deyə Almaniya kansleri yazıb. 

Makron qeyd edib ki, Qərb liderləri ukraynalı həmkarı ilə G7 sammitində görüş zamanı Rusiyanın kütləvi zərbələrindən sonra ukraynalılarla həmrəy olduqlarını bildiriblər.

“Biz Ukraynanın hazır olduğu dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşmaq üçün Rusiyaya təzyiqi artırmaqda qərarlıyıq”, - deyə Fransa prezidenti vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Kanadada keçirilən G7 sammitində deyib ki, ABŞ Rusiyanı Ukraynaya genişmiqyaslı işğalına son qoymağa məcbur edə bilər və bunun üçün Donald Trampla işləmək lazımdır. 

Xatirə SADİQ