Məşhur balerinanın bəstəkar əri vəfat etdi

XX əsrin ikinci yarısında böyük şöhrət qazanmış rus bəstəkarı Rodion Şedrin 93 yaşında dünyasını dəyişib.

Aug 29, 2025 - 16:00
Məşhur balerinanın bəstəkar əri vəfat etdi

SAVASHMEDİA.az RBC-ya istinadən xəbər verir ki, bu barədə, Bolşoy Teatr məlumat yayıb. 

“Rodion Şedrin dünya musiqi mədəniyyətinin həyatında unikal hadisə və dövrdür. Onun operaları, baletləri və simfonik əsərləri uzun onilliklər ərzində dünyanın bütün əsas səhnələrində böyük uğurla ifa olunub. Şedrinin misilsiz yaradıcılıq irsi həmişə ictimaiyyətin qəlbində öz əksini tapır”, - deyə Bolşoy Teatrın xəbərində bildirilir.

Şedrin 1932-ci il dekabrın 16-da Moskvada anadan olub. 1950-ci ildə Moskva Konservatoriyasına eyni vaxtda fortepiano, eləcə də nəzəriyyə və bəstəkarlıq fakültələrinə daxil olub, sonra aspiranturanı bitirib. 

Onun əsərlərinin əksəriyyəti klassiklərin – Nikolay Qoqol, Anton Çexov, Lev Tolstoy, Vladimir Nabokov, Nikolay Leskov və başqalarının süjetləri üzərində qurulub. Ümumilikdə bəstəkar yüzdən çox kamera, xor və simfonik əsərlər, dramatik tamaşalar və filmlər üçün musiqi bəstələyib.

1958-ci ildən Şedrin məşhur balerina Maya Plisetskaya ilə evləndi. Plisetskaya ərindən öncə – 2015-ci ildə 89 yaşında vəfat etdi. 

1968-ci ildə Şedrin şairlər Konstantin Simonov və Aleksandr Tvardovski ilə birlikdə sovet qoşunlarının Çexoslovakiyaya soxulmasını dəstəkləyən məktubu imzalamaqdan imtina etmişdi. Bundan bir il sonra nəzəri-bəstəkarlıq fakültəsinin partiya təşkilatının rəhbərliyi ilə münaqişəsi ucbatından o, dərs dediyi Moskva Konservatoriyasını tərk etməli oldu. Lakin tezliklə “Lenin xalqın qəlbində” oratoriyasını yazdı və bu, bəstəkara hakimiyyət orqanları ilə münasibətləri normallaşdırmağa imkan verdi.

Xatirə SADİQ