Moldova prezidenti Rusiyanı ittiham etdi - “Müdaxiləyə hazırlaşır"
“Moskva sentyabrda keçirilməsi planlaşdırılan Moldovadakı parlament seçkilərinə görünməmiş müdaxilə planlaşdırır”.
SAVASHMEDİA.az NewsMaker portalına istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu bildirib.
Sandunun sözlərinə görə, Kreml öz adamlarını növbəti parlamentə daxil etmək üçün bir sıra siyasi layihələrə sərmayə qoyur. Bütün bu layihələr bir mərkəzdən koordinasiya olunur və əsasən qaçaq oliqarx İlan Şorun sxemləri vasitəsilə maliyyələşdirilir.
Moldova prezidenti xaricdən təşkil olunmuş dezinformasiya və ictimai rəylə manipulyasiya kampaniyası, ödənişli etiraz aksiyalarının təşkili, həmçinin diasporda səsverməyə qarşı təxribatı gözlədiyini söyləyib.
Sandu həmçinin seçkilərlə bağlı rəqəmsal infrastruktura, eləcə də digər mühüm infrastruktur obyektlərinə potensial kiberhücumlar barədə xəbərdarlıq edib. Bundan başqa, kilsədən xarici dövlətin maraqları naminə, ölkənin Avropa kursuna qarşı xəbərlər yaymaq üçün “rəy liderləri”ndən və onlayn influenserlərindən vasitəçi kimi istifadə oluna bilər.
“Bu, bizi qorxutmamalıdır, bizi səfərbər etməlidir. Rusiyanın müdaxiləsi ictimai asayiş və milli təhlükəsizlik üçün ciddi risklər yaradır, ən əsası isə ölkənin suverenliyini və Avropa gələcəyimizi faciəli şəkildə poza bilər”, - deyə Sandu vurğulayıb.
Moldova prezidenti əmin edib ki, dövlət qurumları nə edəcəklərini bilir: “Yaxın mərhələdə onlar milli maraqların qorunması üçün daha koordinasiyalı, peşəkar və vahid komanda şəklində hərəkət etməlidir. İrəlidə çətin mərhələdir, əziz vətəndaşlar. Amma gələcəyimiz yalnız bizdən asılıdır”.
Xatirə SADİQ