Aramızda qalsın - 2
Bilirəm, SSRİ-də neçə respublika olduğunu hər kəs bilmir. Mən isə bilmirəm, anlamıram eləsinin bu rubrikada nə işi var. Azaddır!
Səni narahat edim: 15 müttəfiq respublika arasında bərabərlik var idimi? Dərinə sonra gedərik, hələlik isə siyasi, hüquqi bərabərliyi nəzərdə tuturam.
Var idi. Lakin on dörd respublika arasında. Hamısı birincinin – Rusiyanın vassalı idi. Buna dövlət himni də kifayət qədər aşkar şəkildə işarə edirdi – Böyük Rusiya xırda-mırdanı öz ətrafında birləşdirib.
İndi isə əlimdən bərk yapış: gedirik dərinə. Digər 14 respublika əhali sayına, iqtisadi potensialına, ümumi daxıla verdiyi payına, mədəni və təhsil səviyyəsinə görə bəzən bir-birindən kəskin fərqlənirdi. Bunu görmək üçün statistika hesabatlarına yox, yerli bazara (səyahət zamanı getdiyim sevimli yer!), küçələrə, binalara, insanların geyiminə baxmaq kifayət idi. Rusiyanın ikinci, üçüncü dərəcəli regionlarından gələnlərin ağzı Bakıda açılırdı. Bizimkilər isə, məsələn, dəri palto, gödəkcə almaq üçün Tiflisə, İrəvana üz tuturdular. “Bizimkilər” sözü çox gümrah səslənir. Hətta yekə çıxır. Alverçilərimiz. Daha ucuz mal gətirib ucuz satanların sayəsində nisbətən kasıb ailələr də hərdən (!) babat şey görür, geyinir, yeyirdi.
Atam ağır hislə danışır ki, hər dəfə Moskvaya ezamiyyətə gedəndə neçə nəfər sifariş verirdi. Mebel, avtomobil, mətbəx avadanlığı, tufli, palto, xalça? Yox ha! Bunlar peşəkar alverçilərin fəaliyyət sahəsinə daxil idi. Atam isə diş məcunu, “Мечта” karameli, məktəbli gündəliyi, rast gəldikdə dezodorant, şampun alıb gətirir və kassa çeki ilə birlikdə verirdi ki, qohumun, tanışın ürəyinə pis şey gəlməsin. Çox vaxt da pulsuz – səfərdən pay kimi.
Bəli, nüvə bombaları, tanklarının sayı, kasset raket başlıqları ilə öyünən dövlət öz məktəblilərini ucu diyircəkli qələmlə təmin edə bilmirdi. Buna (və ona!) görə də sovet dövrünü ağzı köpüklənərək xatırlayan qocaların ağzına, üzünə köpük buraxmaq istəyirəm. Amma, danışdığımız kimi, öz aramızda qalsın.
Sovet xalqları, bərabərlik... Ha-ha! Gürcü mafiyası Rusiyanın bölgələrini qorxu içində saxlayırdı. Özbəkistanda evlənmək istəyən gəncin valideynləri qız evinə elçi getməkdən qabaq rayonun mötəbər adamının qəbuluna yollanıb, evlənmək icazəsi dilənirdilər. Ailəsi üçün ev tikmək, “Жигули” almaq arzusunda olan kişi də özündən “daha artıq” kişidən “yaşıl işıq” gözləyirdi.
Ermənistan mağazaşında alıcıya pulun qalığı 1 qəpiyi də qaytarırdılar. Azərbaycanda isə aldığı şeyə görə pulu qəpiyinədək ödəyən, yaxud pulun xırdasını tələb edən adamı satıcı təhqir edirdi.
Bakıda dövlət poliklinikasında azərbaycanlı xəstənin dişinə plombu pulsuz qoymazdılar, geridə qalan saydığımız Qırğızıstanın paytaxtı Frunzedə (indiki Bişkek şəhəri) isə Bakıdan gəlmiş tanışım rus qadının kor bağırsağını kəsib, onun adəti üzrə verdiyi puldan imtina etmişdilər.
Azərbaycanın bütün yollarında maşın az qala adamın üstünə çıxdığı halda, Minskdə sürücü qırmızı işıqda asfalta “mıxlanırdı”.
Türkmən, özbək, qırğız, tacik qızlar milli geyimdə fəxrlə gəzişdiyi zaman azərbaycanlı qadın “rusca” geyinirdi, təki rus ona “çuşka” deməsin.
1980-ci ildə XXII Yay Olimpiya Oyunları zamanı Moskvaya SSRİ-nin çox yerindən milis işçiləri cəlb olunmuşdular. Onlardan heç birini fərqləndirmək mümkün deyildi. Yalnız Azərbaycandan gəlmiş milisionerləri yekə sallaq qarın ifşa edirdi.
“Qardaş” xalqlar, bərabərlik – amma necə də böyük, prinsipial fərq! Bizi müxtəlif tarixi ənənə, həyat tərzi, düşüncə, eyni qanuna fərqli münasibət ayırırdı.
Başqa xalqın arasında yaşayan tanınmış (vəzifəli, deputat) rus qadından soruşuldu: “Qafqazlı oğlanla yanaşı gedən rus qadına sizdə necə baxarlar?”. Dedi: “Qınayarlar, əxlaqsız sayarlar”... Bakıda isə rusun ikisini qoltuğuna götür, üçüncünü təpəndə əyləşdir – yalnız “Əhsən!” qazanardın.
Qədim müdrik rəvayətdə deyilir ki, günlərin bir günü kişinin qapısını döyürlər. Açıb görür iki nəfər dayanıb. Onlar gecələmək üçün yer istəyirlər. O dövrdə adamlar avam idilər. Avam ev sahibi yolçuları içəriyə dəvət edir. Biri yuyunarkən o birindən soruşur yoldaşı kimdir. Ağzını büzüb cavab verir:
– Nə bilim... Yarım gündür çöldə tula kimi arxamca düşüb.
İkinci yolçu yuyunarkən sahib onun kim olduğunu digərindən xəbər alır. Cavab gəlir:
– Kim? Tanımıram. Amma eşşəyə oxşayır.
Ev yiyəsi sahibəyə tapşırıq verir. Az sonra süfrəyə “təam” gəlir. Bir qonağın qabağına boşqabda sümük qoyulur, digərinə arpa verilir. Qonaqlar hiddətlənirlər:
– Bu nə deməkdir, bizi dolamısan?!
– İnciməyin, - deyə sahib cavab verir. – Sizi ilk dəfədir görürəm. Soruşdum, bir-birinizi it və eşşək kimi təqdim etdiniz. Odur ki, hərəyə sevimli payını qoymuşam.
Fikir vermisənmi, Azərbaycanda, özünün əslən haralı olmasının fərqi yoxdur, şəhər əhli kəndlini arxasınca “çuşka” adlandırir. Amma rus kəndli haqqında sadəcə “rusdur” deyir. Həmçinin bizim İvanovka rusuna. Onun necə çuşka olduğunu isə özündən də yaxşı mən bilirəm. Bizə münasibətin heç olmasa otuz faizi bir-birimizi necə təqdim etdiyimizin üzərində qurulub.
Daimi oxucum, bütün tanış-biliş millətimizin nöqsanlarına neqativ münasibətimi yaxşı bilir. Deyirəm, yazıram. Öz aramızda. Lakin özgə kəs haqqımızda mənfi danışmasın. Bu, onun üçün çox təhlükəlidir... Amma, aramızda qalsın.
SSRİ-də neçə respublika olduğunu məndən xəbər alsan, soruşaram:
– Müttəfiq, muxtar ya cəmi?
Özümü elə göstərərəm ki, guya hamısını bilirəm...
A.ƏZİZ