Müdafiə nazirinin eks-müavini mənimsəməyə yol verib – Rusiyada
Rusiyanın müdafiə nazirinin keçmiş müavini Timur İvanova qarşı yeni ittiham irəli sürülüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.
Məlum olub ki, T.İvanov xüsusi iri miqyasda mənimsəmənin daha iki epizodu üzrə ittiham edilir.
Bu epizodlardan biri “İnterkommerts Bank”dan 3,2 milyard rubldan çox vəsaitin oğurlanması, ikincisi isə 200 milyon rublun xərclənməsi ilə bağlıdır. Mənimsəmələr Kerç keçidi üçün iki bərənin alınması zamanı baş verib.
Qeyd edək ki, Timur İvanov 2016-2024-cü illərdə Rusiya müdafiə nazirinin müavini vəzifəsində çalışıb. 2024-cü ilin aprelində İvanov “xüsusilə böyük miqyasda” rüşvət almaqda ittiham edilərək həbs edilib.
Navalnı komandasının araşdırmasına görə, İvanov və onun arvadı Svetlana tətillərə, villa və yaxtaların icarəsinə, həmçinin zinət əşyaları və paltarların alınmasına bir milyon avrodan çox pul xərcləyiblər. Svetlananın şəxsi hesabları isə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Mariupol şəhərinin yenidən qurulması ilə məşğul olan şirkət tərəfindən ödənilib.
2018-ci ildə “Forbes Russia” nəşri İvanov və ailəsinin sərvətini 136,7 milyon rubl (1,5 milyon dollar) qiymətləndirib. 2022-ci ilin iyununda o, həyat yoldaşı Svetlana ilə boşanıb, beləliklə arvadı Avropa İttifaqının sanksiyalar siyahısına düşməyib.
Xatirə SADİQ