Rusiyaya qaytarılan casus Avropada Navalnını güdürmüş – “El Mundo” nəşri rus xəfiyyəsinin FOTOSUnu dərc etdi
Aprelin 1-də mübadilə çərçivəsində Rusiyaya qaytarılan Pablo Qonsales ləqəbli rus casusu və Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşı Pavel Rubtsov 2017-ci ildə Avropada müalicə olunan müxalifət lideri Aleksey Navalnını izləyirmiş.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” nəşri yazıb.
Qonsalesin Rusiya kəşfiyyatına verdiyi onlarla hesabata, eləcə də Polşa tərəfindən ona qarşı irəli sürülən ittihamın materiallarına çıxış əldə edən nəşr bildirib ki, bu izləmələrin biri Barselona və Lozannada baş verib.
Belə ki, hesabatlardan birində iki hücumdan sonra Navalnının gözlərini Barselona və Lozannada müalicə etdirdiyi klinikaların ünvanları yazılıb. Hesabatda 14 iyun 2017-ci il tarixi yazılıb. Həmin dövrdə Rubtsov/Qonsales baskların “Gara” qəzetində jurnalist kimi çalışıb. O, müalicə müddətində, ən azı, iki dəfə Navalnı ilə görüşüb, belə görüşlərdən biri hesabatın tərtib olunmasından bir ay əvvəl baş tutub.
Rubtsov/Qonsales hətta Navalnı ilə selfi çəkdirib. Xəfiyyə bu fotonu 2020-ci ildə Navalnının zəhərlənməsindən sonra sosial şəbəkələrdə dərc edib və Alekseyin Rusiya hakimiyyətinin təqib hədəfi olmadığı mesajını yazıb.
Özünü ispan jurnalisti Pablo Qonsales kimi təqdim edən QRU casusu Pavel Rubtsov 27 fevral 2022-ci ildə Polşa–Ukrayna sərhədində Polşa tərəfindən saxlanılıb və Rusiyaya casusluqda ittiham edilib. Onun jurnalist statusundan Rusiya xüsusi xidmət orqanları üçün məlumat toplamaq üçün istifadə etdiyi iddia edilib.
Qonsalesin Ukraynada məlumat topladığı, Rusiya müxalifətinin etimadını qazanmağa çalışdığı iddialar arasında olub.
Həbs edildikdən sonra yerli xüsusi xidmət orqanları ondan götürülən rəqəmsal daşıyıcıları yoxlayıb və orada hazırda xaricdə yaşayan jurnalist Janna Nemtsova (Boris Nemtsovun qızı) və onun çevrəsindən olan şəxslərin fəaliyyəti ilə bağlı ətraflı hesabatlar aşkar ediblər. Casus xüsusilə Ukrayna və ABŞ-dan olan Yay Jurnalistika Məktəbinin iştirakçıları ilə maraqlanıb.
Xatirə SADİQ