Müharibəyə etiraz edən 83 yaşlı qadın polisə çağırıldı - Rusiyada

Sankt-Peterburqda 83 yaşlı Lyudmila Vasilyeva barəsində Rusiya ordusunun gözdən salınması maddəsi üzrə inzibati protokol tərtib edilib.

Apr 9, 2025 - 16:08
Müharibəyə etiraz edən 83 yaşlı qadın polisə çağırıldı - Rusiyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bumaqa” nəşrinə istinadən “Azadlıq Radiosu” məlumat yayıb.

Nəşrin məlumatına görə, Vasilyeva martın ortalarında protokol tərtib edilməsi üçün polis idarəsinə çağırış alıb. Buna səbəb onun bu il fevralın 24-də (Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının üçüncü ildönümündə) Sankt-Peterburqun Nevski prospektindəki Qostinı Dvorda müharibə əleyhinə fərdi piket keçirməsi olub. Həmin aksiya zamanı 83 yaşlı fəal qadın əlində “İnsanlar, müharibəni dayandırın! Biz Yer planetində sülhə cavabdehik” sözləri yazılmış plakat nümayiş etdirib.

Lyudmila Vasilyeva Leninqrad blokadasını yaşamış uşaqlardan biri olub. O, müharibə əleyhinə mövqeyini dəfələrlə açıqlayıb, 2022-ci ildə müharibə əleyhinə etirazlar zamanı bir neçə dəfə saxlanılıb. 2024-cü ildə o, Sankt-Peterburq qubernatorluğu seçkilərində namizəd kimi iştirak etməyə çalışsa da, öz dəstəyi üşün lazımi sayda imza toplaya bilməyib. 

Xatirə SADİQ