Zaxarova buna görə Fransanı ittiham etdi - “Biabırçı tamaşadır…”
Rusiya bu gün Fransanı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşını Paris hava limanında qanunsuz olaraq saxlamaqda ittiham edib.
SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Fransa sərhədçiləri aprelin 6-da Şarl de Qoll hava limanında nazirliyin əməkdaşını saxlayıb, telefonunu və kompüterini müsadirə ediblər.
Zaxarova baş verənləri “biabırçı tamaşa” adlandırıb. Onun sözlərinə görə, rusiyalı əməkdaş YUNESKO-nun İcraiyyə Şurasının 222-ci sessiyasında iştirak etmək üçün rəsmi nümayəndə heyətinin tərkibində Fransaya gedib və etibarlı Fransa vizasına malik olub.
“Demarş nəticəsində bizim həmkarımızı yekunda ölkə ərazisinə buraxıblar. Lakin konsulluğun əməkdaşı saxlanılan şəxslə əlaqə saxlamağa icazə verilənə qədər təxminən 7 saat gözləməli olub” – deyə Zaxarova vurğulayıb.
Rusiya Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərib və Fransanın Moskvadakı səfiri izahat üçün xarici siyasət idarəsinə çağırılıb.
Fransa tərəfi hələlik insidenti şərh etməyib.
Xatirə SADİQ