Müsahibə: “Persona Incognito”
Hörmətli “YouTube” kanalımızın tamaşaçıları! Bu gün studiyamızda fikrimcə çox maraqlı qonaq var. Salam!
– Bəs bayaq sizə "salam" dedim axı.
– (Pıçıltı ilə) İndi tamaşaçılar üçün.
– A, salam, tamaşaçılar!
– Sizə necə müraciət edim?
– “Ali-Həzrət” kifayətdir.
– Bəs auditoriyaya necə təqdim edim?
– Ehtiyac yoxdur: hər məqalənin axırında özüm yazıram.
– Bu yaşadək nə ilə məşğul olmusunuz?
– Sürücülük etmişəm.
– Oho! Nə sürmüsünüz?
– Həyat.
– Məqalələriniz çoxşaxəlidir. Ən müxtəlif mövzularda yazırsınız. Oxucular maraqlanırlar ki, bilmədiyiniz şey vardırmı?
– Bilmirəm.
– Nəyi bilmirsiniz?
– Bilmirəm nəyi bilmirəm.
– Məni xəbərdar etmişdilər ki, sizinlə işləmək çətindir...
– Asan iş axtarırsınızsa, dirijor olun. Əlinizi havada yelləyib, ayın axırında maaş alın.
– Əvvəllər yazılarınızda “mən” sözünə rast gəlməzdik, indi isə onlar daha çox memuar xarakterlidir.
– Memuar olsaydı, oxuduğum məktəbin nömrəsini yazardım. Burada birbaşa bioqrafik məlumat yoxdur. Həyatımın sevincini və acısını açmıram. Atam, babam, qonşum, dostum, qardaşım və sair personajlar hadisələrə ruh verməyə, onları canlandırmağa xidmət edir. Başqa sözlə, həyatdan götürülən ümumiləşdirilmiş obrazlardır.
– Yəqin, gün ərzində kompyuter qarşısında çox əyləşirsiniz.
– Əsla! Hazırda dünyada smartfonla tammetrajlı filmlər çəkilir. Mən isə smartfonda yazıram. “WhatsApp”da.
– Ağır işdir...
– Yazmaq yox, oxumaq ağırdır. Hər dəfə təəssüflənirəm ki, “vay, bu qaldı”, “oy, onu demədim”.
– Agentiniz varmı?
– Əlbəttə, amma Tramp deyil. Onu ruslar alıb, məni qabaqlayıblar.
– Bizdə olan məlumata görə, jurnalist Aydın Sadiq ilə yaxınsınız.
– Çox yaxın. Aramızda bircə qitə və cəmi bir okean var.
– Onun imzasına harada rast gəlmək olar?
– Heç yanda. İmzasını özü ilə gəzdirir. Özü isə gah Manhettendədir, gah Hollivudda, gah da Qrand-Kanyondadır. Sağlığında səyahət etməyi sevir. Bilir ki, sonra həvəsi olmayacaq.
– Həvəs demişkən. Bu qədər həyat həvəsi, sevinci, ruhu sizdə haradandır?
– Ölümü görmüşəm. İnanın ki, onda sevilməli heç nə yoxdur.
– Bizə vaxt ayırdığınıza görə sizə təşəkkür edirik.
– Vaxtımı aldığınıza görə siz də sağ olun!
– Xatırladıram ki, qonağımız hamıya oldu
ƏZİZ