“Müttəfiqlərimiz təzyiq etsə də, razılaşmayacağıq, Putin bunu dərk etsin” – Zelenski

“Ukrayna hətta bütün müttəfiqlərin təzyiqi altında belə, işğal olunmuş ərazilərin Rusiya Federasiyasının bir hissəsi kimi tanınmasını nəzərdə tutan kompromislə razılaşmayacaq”.

Jan 22, 2025 - 07:05
“Müttəfiqlərimiz təzyiq etsə də, razılaşmayacağıq, Putin bunu dərk etsin” – Zelenski

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski xarici jurnalistlərlə görüşündə deyib. 

Zelenski nəzərə çatdırıb ki, ölkəsi üçün işğal olunmuş ərazilər dövlət nəzarətinə qaytarılana qədər həmişə Ukraynaya məxsus olaraq qalacaq.

“Kim nə istəyirsə-istəsin. Qoy, lap dünyanın bütün müttəfiqləri birləşin, biz onsuz da işğal altında olan əraziləri tanımırıq. Bu, qeyri-mümkündür. Biz hüquqi baxımdan tanımırıq. Biz  oraya qayıdanadək bizim üçün onlar həmişə işğal olunmuş ərazilər olaraq qalacaq”, - deyə Zelenski əlavə edib. 

Ukrayna prezidenti bir daha qeyd edib ki, Rusiya ilə dialoq yalnız güclü mövqedən aparılmalıdır, çünki təcavüzkara bərabər münasibət göstərmək cəhdi Ukrayna üçün məğlubiyyətdir.

“Bu hekayədə Putini subyektivləşdirmək olmaz. O, hər şeyi pozdu. O, günahkardır və bunu dərk etməlidir. Ancaq onunla bərabər şərtlərlə danışsanız, onu dayandırmaq olmaz – bu, Ukrayna üçün məğlubiyyətdir”. 

Zelenski ayrıca diqqətə çatdırıb ki, müharibənin aktiv fazasına son qoyulması ölkə üçün əsas prioritetdir: “Müharibənin qaynar mərhələsinə son qoymaq üçün hər cür imkanlar tapmalıyıq. Bu, bir nömrəli məsələdir. Danışıqlar çox ola bilər, amma əsas – aktiv fazanı dayandırmaqdır. Bu, təhlükəsizliyin bir nömrəli təminatıdır”.

Xatirə SADİQ