Müxalifət prezidentin impiçmentini tələb edir – Cənubi Koreyada
Cənubi Koreyanın Demokratik Partiyası ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edən prezident Yun Sok Yeli dövlətə xəyanətdə ittiham etməyi və impiçment proseduruna başlamağı planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Demokratik Partiyası bəyan edib ki, prezidentə, müdafiə və daxili işlər nazirlərinə qarşı xəyanət ittihamı irəli sürəcək və onları bu hərəkətlərə görə məsuliyyətə cəlb etmək üçün impiçment elan edəcək.
Demokrat Partiyasının lideri Li Çje Men hərbi vəziyyətin elan edilməsini qeyri-qanuni adlandırıb: “Yun artıq Cənubi Koreyanın prezidenti deyil”.
Parlament plenar iclasa çıxarılandan sonra 72 saat ərzində impiçment prosedurunun başlanılıb-başlanmaması ilə bağlı səsvermə keçirməlidir. Bunun üçün 300 nəfər deputatdan ibarət olan parlamentdə üçdə iki səs çoxluğu tələb olunur.
Agentlik qeyd edir ki, Demokrat Partiyası və digər kiçik müxalifət partiyaları birlikdə 192 mandata malikdir. İmpiçmentin qəbul edilməsi üçün hakim partiyanın 108 deputatından ən azı səkkizi bu təklifi dəstəkləməlidir.
Əgər səsvermə nəticəsində impicment qəbul edilərsə, Konstitusiya Məhkəməsi dövlət başçısının vəzifədən kənarlaşdırılmasının əsaslı olub-olmamasına qərar verəcək.
Məhkəmədə işə baxılan müddətdə prezidentin konstitusiya səlahiyyətləri dayandırılacaq. Baş nazir Han Dak Su prezident səlahiyyətlərini icra edəcək.
Xatirə SADİQ