Zelenski və Heqset bu toplantıya videobağlantı ilə qatılacaq – Boris Pistorius

Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ-nin müdafiə naziri Pit Heqset aprelin 11-də Brüsseldə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun “Ramştayn” formatında keçiriləcək iclasına videobağlantı vasitəsilə qatılacaqlar.

Apr 11, 2025 - 13:14
Zelenski və Heqset bu toplantıya videobağlantı ilə qatılacaq – Boris Pistorius

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius iclasın başlamasından əvvəl jurnalistlərə bildirib.

“Bu gün 40-a yaxın ölkə, o cümlədən ABŞ burada nümayəndə heyəti ilə təmsil olunacaq. Amerikalı həmkarımız Pit Heqset də rəqəmsal olaraq bizə qoşulacaq. Ukrayna prezidenti Volodimir Zelenski kimi mən də buna çox şadam”, - deyə Boris Pistorius deyib.

Bundan əvvəl KİV-lər iddia edirdilər ki, Pentaqonun rəhbəri Pit Heqset Ukraynaya dəstək üzrə “Ramştayn” görüşünə məhəl qoymaya bilər. 

Xatırladaq ki, bu gün Brüsseldə Böyük Britaniya və Almaniyanın sədrliyi ilə Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun “Ramştayn” formatında iclası keçirilir.

Xatirə SADİQ