NATO baş katibi Putini etinasızlıqda ittiham etdi
“Rusiya prezidenti Vladimir Putin İstanbulda sülh danışıqlarına başlamaq fürsətinə məhəl qoymayıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Antalyada keçirdiyi mətbuat konfransında bildirib.
NATO baş katibi qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə şəxsi görüşə hazır olduğunu bildirib, amma ruslar Türkiyəyə aşağı səviyyəli nümayəndə heyəti göndərib.
Zelenskinin “Mən Putinlə danışıqlar masasına oturmağa hazıram, atəşkəs elan olunan kimi biz sülh sazişi üzrə danışıqlara hazırıq” açıqlamasını xatırladan Rutte deyib: “Rusiyalılar aşağı səviyyəli nümayəndə heyəti göndərir və fürsətdən istifadə etmir. Beləliklə, Ukrayna açıq şəkildə oynamağa hazırdır, amma top indi Rusiya tərəfdədir”.
NATO baş katibi ABŞ-yə və “Ukraynada sülhün əldə edilməsinə diqqət yetirən” prezident Donald Trampın komandasına təşəkkür edib.
Xatirə SADIQ