NATO-dan Moskvaya "5-ci maddə" xəbərdarlığı
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiyanın “ehtiyatsız hərəkətlərinə” qətiyyətlə cavab vermək niyyətindədir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tallinin tələbi ilə Şimali Atlantika Şurasının keçirilən iclasından sonra verilən bəyanatda deyilir.
“Rusiya şübhə etməməlidir: NATO və müttəfiqləri beynəlxalq hüquq normalarına uyğun olaraq, özlərini müdafiə etmək və bütün istiqamətlərdən gələn hər hansı təhlükənin qarşısını almaq üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcəklər. Biz cavab tədbirlərimizin qaydasını, vaxtını və metodunu özümüz seçməyə davam edəcəyik. 5-ci maddəyə sadiqliyimiz sarsılmazdır”, - bəyanatda bildirilir.
Şuranın iclası NATO-nun yaradılması haqqında müqavilənin 4-cü maddəsinə uyğun olaraq Estoniyanın təşəbbüsü ilə çağırılıb. Buna səbəb sentyabrın 19-da baş vermiş hadisə olub. Estoniya hakimiyyəti bildirib ki, üç rus qırıcısı Vayndlo adası yaxınlığında Finlandiya körfəzi üzərindən icazəsiz Estoniya hava məkanına daxil olub və təxminən 12 dəqiqə orada qalıb.
Rusiya Müdafiə Nazirliyi uçuşun beynəlxalq qaydalara ciddi şəkildə uyğun olduğunu və heç bir sərhədi pozmadığını bəyan edib.
Lakin Estoniyanın yüksək rütbəli diplomatı və Xarici İşlər Nazirliyinin kansleri Yonatan Vseviov bildirib ki, bütün müttəfiqlər kimi Tallinnin də Rusiyanın hava məkanını pozması ilə bağlı “təkzibedilməz sübutlar”ı var. Onun sözlərinə görə, NATO zəruri olduqda birlikdə “müdafiə etmək üçün güc tətbiq etmək” məqsədilə yaradılıb.
“Məsələ ondadır ki, biz onu nə vaxt tətbiq etməyə başlayacağıq. Bundan əvvəl biz qırmızı xətləri keçməyin mənası olmadığını diqqətə çatdırmalıyıq”, - deyə estoniyalı diplomat vurğulayıb.
Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkəsi istənilən təhdidlərə “yalnız sözlə deyil”, hərbi-texniki yolla cavab verməyə hazırdır, amma onun NATO ilə mübarizə aparmağa heç bir əsası yoxdur.
Xatirə SADİQ