NATO-nun baş katibi Rusiyanın nümayəndə heyətinə sataşdı
“Rusiya hələ də Ukrayna ilə danışıqlara ciddi yanaşmır – bunu, ən azı, onun nümayəndə heyətinin tərkibi göstərir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Haaqada keçirilən “NATO Public Forum”da bəyan edib.
Rutte qeyd edib ki, o, müharibənin nə vaxt bitəcəyini proqnozlaşdır bilməz, lakin vəziyyəti “ölü nöqtə”dən tərpədən ABŞ prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirir.
Baş katibin sözlərinə görə, bu o demək deyil ki, yaxın vaxtlarda sülh sazişi əldə olunacaq, buna vaxt tələb olunur. Amma eyni zamanda, o vurğulayıb ki, real danışıqlar başlayanda ən güclü mövqedə olmaq üçün ortamüddətli perspektivdə Ukraynanın mübarizəni davam etdirmək üçün lazım olan hər şeyə malik olmasını təmin etmək lazımdır.
“Mən min il geriyə gedib, məsuliyyəti başqasının üzərinə qoyan rus tarixçisinin apardığı danışıqlardan danışmıram. Bu, ciddi əsas deyil”, - deyə Rutte istehzasını gizlətməyib.
O, diqqətə çatdırıb ki, Ukrayna İstanbula yüksək səviyyəli nümayəndə heyəti göndərdiyi halda Rusiya ciddi yanaşma nümayiş etdirməyib.
“Lakin ümid edirəm ki, buna baxmayaraq, yaxın gələcəkdə ciddi danışıqlar başlayacaq. Və təkcə atəşkəs deyil, ədalətli və davamlı sülh əldə olunacaq - və Vladimir Vladimiroviç Putin bir daha heç vaxt Ukrayna ərazisinin bir kvadrat kilometrini ələ keçirməyə cəsarət etməyəcək”, - deyə Rutte yekunlaşdırıb.
Xatirə SADİQ