“NATO funksionerləri Rusiyadan bədheybət yaradırlar” - Peskov
NATO sammitində alyans üzvlərini müdafiə xərclərinin ÜDM-in 5% həcmində baza səviyyəsinin müəyyən edilməsinə razılıq verməyə sövq etmək üçün Rusiyanın mümkün hücumu barədə tezislər səslənir.
SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Jurnalistlər Peskovun diqqətini NATO-nun baş katibi Mark Ruttenin iyunun 23-də keçirilən mətbuat konfransına yönəldiblər. Rusiyanın yaxın beş ildə alyansa hücum ehtimalı ilə bağlı qiymətləndirməsinin nəyə əsaslandığı sualına cavabında baş katib alyans daxilindəki ümumi narahatlığa və Qərb ölkələrinin yüksək səviyyəli nümayəndələrinin sözlərinə istinad edib.
Peskov qeyd edib ki, hazırda alyansın əsas vəzifələrindən biri üzv ölkələrin müdafiə xərclərinin ÜDM-nin 5%-nə qədər artırılmasından ibarətdir. Bu qərarı həyata keçirmək üçün elə cəhənnəm bədheybəti, div çəkmək lazımdır və NATO funksionerlərinin nöqteyi-nəzərindən Rusiya bədheybət roluna ən uyğun gələn ölkədir.
Onun fikrincə, xərclərin ÜDM-in 5%-nə qədər artırılması o deməkdir ki, NATO da Avropa kimi “azğın militarizasiya” yolu ilə gedir.
“Gəlin hər şeyi öz adı ilə çağıraq: bu, konfrontasiya üçün yaradılmış ittifaqdır. Bu alyans özündə təcavüz və qarşıdurma daşıyır. Bu, sülh və sabitlik aləti deyil”, - deyə Peskov iddia edib.
Rutte çıxışı zamanı bildirib ki, NATO üçün ən əhəmiyyətli və birbaşa təhlükə Rusiya Federasiyası olaraq qalır. Onun sözlərinə görə, bu, müdafiəyə investisiyanın yeni planının qəbul edilməsinə səbəb olub.
Xatirə SADİQ