Bəlkə süni intellekti Dilçilik İnstitutuna direktor təyin edək? - Nazirin sözləri aranı qatdı

Elm və təhsil naziri Emin Əmrullayevin süni intellektlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

Jun 10, 2026 - 22:13
Jun 10, 2026 - 22:19
Bəlkə süni intellekti Dilçilik İnstitutuna direktor təyin edək? - Nazirin sözləri aranı qatdı

SAVASHMEDİA.az xəbər verir ki, nazir çıxışında bildirib ki, süni intellekt artıq bəzi hallarda materialları müəlliflərdən daha yaxşı təqdim edir:

"Süni intellektin hətta bəzi mövzuları Dilçilik İnstitutunun tədqiqatçılarından daha yaxşı formada təqdim etdiyini düşünürəm. Amma bu, o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac qalmayacaq".

Emin Əmrullayevin bu fikirlərinə keçmiş deputat, təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında ironik münasibət bildirib.

Fotoda Etibar Əliyev

O, paylaşımında nazirin sözlərinə istinad edərək Azərbaycan alimlərini, xüsusilə akademik Nizami Cəfərovu bu məsələyə münasibət bildirməyə çağırıb: "Üzümü başda Nizami Cəfərov olmaqla təbii intellektli alimlərə tuturam: cavabını verə bilərsinizmi?"

Etibar Əliyev daha sonra fikirlərini satirik üslubda davam etdirərək yazıb: "Mən Nizami müəllimdən qorxuram. Durub deyər ki, Emin müəllim düz deyir: “Süni intellekti hətta Dilçilik İnstitutuna direktor da qoymaq olar".

Təhsil eksperti paylaşımında Milli Məclisin deputatı Rafael Hüseynovun da bu fikrə fərqli yanaşa biləcəyini istehza ilə qeyd edib: "Rafael Hüseynov isə Emin müəllimin bu müdrik fikrini "vaxtında deyilmiş praqmatik, metamodernist fikir" kimi dəyərləndirər."

Oğuz