NATO təyyarələri rusların atom sualtı gəmilərini axtarır - Norveç dənizində

NATO sualtı əleyhinə təyyarələri son günlər Norveçin qərbində fəaliyyət göstərən Amerika daşıyıcı qrupunun yaxınlığında ola biləcək Rusiya sualtı qayıqlarını aktiv şəkildə axtarır.

Aug 28, 2025 - 16:14
NATO təyyarələri rusların atom sualtı gəmilərini axtarır - Norveç dənizində

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı yazır.

Nəşrin məlumatına görə, “P-8A Poseidon” təyyarəsinin aktivliyinin artması bir neçə gün əvvəl Severomorskdakı bazasını tərk etmiş üç Rusiya sualtı gəmisinin bu sularda mövcud ola bilməsi ilə əlaqədardır. 

“The Barents Observer” qəzeti xəbər verib ki, “Yasen” sinfinə aid üç nüvə sualtı gəmisi yürüşə çıxıb.

Norveç dənizində aparılan patrul əməliyyatlarında Şotlandiya, İslandiya və Norveçdə yerləşən Amerika, Britaniya və Norveç təyyarələri iştirak edir. Norveç hərbi gəmiləri də “Cerald Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupundadır.

Təyyarədaşıyan gəminin “Facebook” səhifəsində deyilir ki, Norveç sahillərində həyata keçirilən əməliyyatın məqsədi “kollektiv çəkindirmənin və Avro-Atlantik regionun müdafiəsinə sadiqliyin nümayişidir”.

NATO nümayəndələri “Newsweek”in şərh barədə sorğusuna cavab verməyiblər.

Xatirə SADİQ