Nazarbayevin şəxsi həyatı dövlət sirri olacaq
Qazaxıstanın eks-prezidentlərinin və onların ailə üzvlərinin səhhəti və şəxsi həyatı ilə bağlı məlumatlar dövlət sirri hesab olunacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Məlumata görə, Qazaxıstan parlamenti “Dövlət sirri haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Düzəlişlərə əsasən, ölkənin keçmiş prezidentlərinin və onların ailə üzvlərinin səhhəti və şəxsi həyatı ilə bağlı məlumatlar məxfiləşdirilib.
Hazırda müstəqil Qazaxıstanın tarixində yalnız bir keçmiş prezident var. O da 84 yaşlı Nursultan Nazarbayevdir. Onun ailə üzvlərinin korrupsiya sxemləri, əməliyyatları və aktivləri ilə bağlantısından bəhs edən çoxsaylı jurnalist araşdırmaları mövcud olsa da, Nazarbayevin səhhəti və şəxsi həyatı ilə bağlı məlumatlar məxfi saxlanılır.
Nazarbayev ilk dəfə 2023-cü ildə öz memuarlarında Asel İsabayeva (Kurmanbayeva) adlı məşuqəsindən iki oğlu olduğunu etiraf edib. Asel İsabayeva 1999-cu ildə “Miss Qazaxıstan” müsabiqəsinin qalibi olub. Bu kitabın nəşrindən öncə eks-prezidentin rəsmi tərcümeyi-halında rəsmi həyat yoldaşı Sara Nazarbayevadan üç qızı olduğu göstərilirdi.
Bu dəyişikliklər parlament tərəfindən qəbul edildikdən sonra sənədi Kasım-Jomart Tokayev imzalamalıdır. O, 2019-cu ildə ölkəyə rəhbərlik edərkən onun Nadejda Tokayeva ilə evli olduğu bildirilirdi. Sonradan isə prezidentin saytında dərc olunmuş bioqrafiyasında Tokayevin xanımından boşandığı yazıldı.
Xatirə SADİQ