Nə İmamoğlu, nə Yavaş... - CHP Ərdoğanla son döyüşə bu xanımla gedir + FOTO
“CHP-nin prezidentliyə namizədi Mansur Yavaş deyil, Selin Sayek Böke olacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə jurnalist, siyasətçi Sinan Burhan çıxış edib.
S. Burhan bildirib ki, Selin Sayek Bökenin namizədliyini Ekrem İmamoğlu önə sürüb və ona dəstəyini ifadə edib:
“Günün sürprizini açıqlayıram. Bu məlumatı CHP mənbələrindən almışam. Özgür Özəl qalib gələcəyinə inansa, namizəd olacaq. Namizəd olmaq üçün partiya sədrliyindən istefa verməlidir. Prezident seçilmədiyi təqdirdə, CHP sədrliyini də itirə bilər. Özəl bunu istəmir. Onun qərarı həmin andaki siyasi vəziyyətdən asılı olacaq. Özəl olmasa, Əkrəm İmamoğlunun dəstəyi ilə namizəd Selin Sayek Böke olacaq. Bundan sonra bu adı tez-tez eşidəcəyik. Çünki Ə.İmamoğlunun istədiyi namizəd odur”.
Sinan Burhan
Qeyd edək ki, Sinan Burhan bu il 11 martda qatıldığı bir proqramda Əkrəm İmamoğlunun həbs olunacağını açıqlayıb. Açıqlamadan 8 gün sonra – 19 martda İmamoğlu İBB-yə qarşı keçirilən korrupsiya və rüşvətxorluq əməliyyatları nəticəsində həbs olunub. S.Burhan həmin vaxt bu məlumatı “Cumhur İttifaqı” mənbələrindən aldığını bildirib.
Selin Sayek Böke kimdir?
Selin Sayek Böke 24 avqust 1972-ci ildə ABŞ-də, Nyu Yorkda anadan olub. Bir tərəfi yunan, bir tərəfi türkdür. Anası Füsun Sayek oftalmoloqdur, Türk Təbiblər Birliyinin sədridir. 1993-1999-cu illər arasında ABŞ-nin Duke Universitetində iqtisadiyyat üzrə magistr və doktorantura təhsili alıb. Daha sonra Dünya Bankında məsləhətçi vəzifəsində çalışıb.
2003-cü ildə Bilkent Universitetində müəllim heyətinin üzvü seçilib. 2010-cu ildə dosent, 2011-2014-cü illərdə Bilkənd Universitetində İqtisadiyyat kafedrasının sədri vəzifəsində çalışıb. 2013-2014-cü illərdə Bilkənt Universitetinin İqtisadi və İnzibati Elmlər Fakültəsinin dekan müavini vəzifəsini icra edib. 2011-ci ildən Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Sosial Elmlər Araşdırma Qrupunda (SOBAG) məsləhət şurasının üzvüdür.
23 iyun 2015-ci ildən 14 may 2023-cü ilə qədər CHP-nin İzmirdən millət vəkili olub. O, 14 sentyabr 2014-cü ildən 6 may 2017-ci ilə qədər CHP-nin iqtisadi siyasətdən məsul sədr müavini vəzifəsini icra edib. Hazırda isə Cümhuriyyət Xalq Partiyasının baş katibidir.
Vəsilə İbrahim