Rusiyalı siyasətçilər Ermənistanı hədələyir - “Ukrayna yolu ilə gedirsən…”

“Ermənistan rəhbərliyi Kiyevin Ukraynanı Rusiya ilə müharibəyə aparan yolunu təkrarlayır”. 

Jul 2, 2025 - 17:04
Rusiyalı siyasətçilər Ermənistanı hədələyir - “Ukrayna yolu ilə gedirsən…”

SAVASHMEDİA.az xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev bildirib.

“Ermənistanın bütün addımları Ukraynanın artıq keçdiyi yolu tam olaraq xatırladır: kanonik kilsəyə qarşı mübarizə, müxalifətin darmadağın edilməsi, indi isə Rusiya telekanallarına qadağa qoyulması”, - o, vurğulayıb. 

Rusiyalı deputatin fikrincə, Ermənistanın Kreml təbliğatından yaxa qurtarmaq istəyini “informasiya vakuumu yaratmaq” və əhalini “zombiləşdirmək” niyyəti güdür. Juravlevin sözlərinə görə, respublikanın hakimiyyət orqanları baş nazir Nikol Paşinyanın “çoxdan hamını məğlub etdiyi uydurma reallığı” yayımlamaq üçün Ukraynadakı kimi “vahid erməni telemarafonunun” buraxılmasına zəmin hazırlayır. 

“Erməni xalqının hələ də eyni addımı atmamaq imkanı var. Və nəhayət, indiki hakimiyyətin Ermənistanı hara apardığını düşünün. Sözsüz ki, rifah və firavanlıq üçün deyil”, - deyə Juravlev iddia edib. 

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin isə hesab edir ki, Kremlyönümlü kanalları qadağa təhdidi ilə “kimsə” Ermənistanda “ermənilərlə ruslar arasında düşmənçiliyi qızışdırmaq” üçün “uzun sürən oyunu törədir”. 

O, bu hərəkətlərdə Qərb xüsusi xidmətlərinin  əlini görür: “Ermənistanın ictimai rəyi, o cümlədən siyasətçiləri ehtiyatlı olmalı, hadisələrin faciəvi inkişafının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk isə hesab edir ki, İrəvan öz ərazisində “asayişi və sakitliyi qorumaq” üçün Moskva ilə dostluq münasibətlərini saxlamalıdır. Onun sözlərinə görə, Rusiya “respublikanın yaşadığı siyasi təlatüm dövrünü” Ermənistanın daxili işi hesab edir, lakin Kreml üçün “Cənubi Qafqazın açıq geosiyasi qarşıdurma meydanına çevrilməsinə imkan verməmək vacibdir”. Masyuk əlavə edib ki, Moskva regionun bütün ölkələri ilə “dostluq, mehriban qonşuluq, ənənəvi mənəvi-əxlaqi dəyərlər və ortaq tarixi keçmiş prinsipləri əsasında bərabər münasibətlər” inkişaf etdirməyi hədəfləyir.

Xatırladaq ki, dünən Ermənistan parlamentinin spikeri Alen Simonyan respublikada Rusiya telekanallarının yayımını tam qadağan etməyə çağırıb. 

O, dövlətlər arasında münasibətlərə mənfi təsir göstərməklə gərginliyi artıran Kreml təbliğatçılarını “naqislər” adlandırıb: “Bu manqurtların proqramları ölkəmizdə çoxdan bağlanıb, ölkəyə girişləri də eləcə. Lakin onların dövlət kanalları Ermənistanın daxili işlərinə qarışmağı özlərinə rəva görürlərsə, biz də onların vətəndaşlarımızın mənzillərinə girişini əngəlləməliyik”.

İki gün əvvəl İrəvana səfəri zamanı isə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təmsil etdiyi qurumun “dayanıqlıq və böyümə” proqramı çərçivəsində Ermənistana 270 milyon avro ayırdığını açıqlayıb. Bu pulun bir hissəsi müstəqil medianın maliyyələşdirilməsinə yönələcək və bu, Kallasın sözlərinə görə, “dezinformasiya və hibrid təhdidlərlə” qarşı mübarizədə kömək edəcək.

Xatirə SADİQ