Öncə səbəbi, sonra qərar - TƏBİL SƏSİ

Bir zaman insanlara elə gəlirdi ki, dünya belə yaranıb, həmişə bu cür olacaq. Doğrudur, buzlaşma dövründən, mamont və dinozavrlardan xəbərimiz vardı.

Apr 4, 2025 - 12:03
Öncə səbəbi, sonra qərar - TƏBİL SƏSİ

Bunların keçmişdə olduğunu bilirdik, amma orada qalacağını düşünürdük. Deyirlər, sovet dövründə televiziyada canlı təbiət haqqında söhbət açan bircə veriliş göstərilirdi – “Heyvanlar aləmində”. Orada problem qaldırılmır, şərh, təhlil verilmir, həyəcan təbili çalınmırdı. Məsələlərin mahiyyətini alimlər də çox vaxt anlamır, bəzən səhv tövsiyə verirdilər. Deyilən doğru sözə isə nadan hökumət adamları əməl etmirdilər.

Şimal çaylarının məcrasını cənuba dəyişmədilər. Budur, Aral dənizi qurudu, Özbəkistanın və Türkmənistanın pambıq tarlaları su qıtlığından hər il əzab çəkir, Rusiyanın şəhər və kəndlərində isə evdən evə qayıqlarla keçirlər.

Mərdəkana gedən yolun yuxarıya qalxdığı sahədə maşından düşüb hər yanda balıqqulağı gördükdə bir vaxt bərk təəccübləndim. Xəzər dənizinin sanki canlı olması, nəfəs alan və verən ciyəri xatırlatması barədə çox danışılmırdı. Odur ki, Səbail qalasının nə vaxtsa mövcudluğu və sonradan su altında qaldığı barədə xəbər böyük sensasiya kimi səslənmişdi.

Qazaxıstanın Şevçenko (indiki Aktau) şəhəri sahildən çox yüksəkdə, yaylada yerləşir. Onu susuz çöllükdə tikmişdilər. Gözəl, müasir arxitekturalı şəhər salınmışdı. Şevçenkonun layihəsi YUNESKO-nun mükafatına layiq görüldü. Sənəddə hər şey nəzərə alınmışdı. İqlimin dəyişəcəyindən başqa. Quraqlıq havası leysan yağışları ilə əvəz olundu. Evləri, küçələri su basdı. Sən demə, binalarda adi nolçalar qoyulmamışdı.

Xəzərin quruduğunu bildikdə, SSRİ rəhbərliyi ciddi surətdə narahat oldu. Dəniz suyuna qənaət etmək üçün sahəsi 12 min kvadrat kilometr olan Qaraboğazqol körfəzini hansısa akademik Fyodorovun necəsə gəldiyi qənaət əsasında bəndlə bağladılar. Sular artdı, sahilləri basdı. Şlüzlər quraraq birini açdılar, yenidən Xəzəri oraya buraxdılar. Körfəz dünyanın dəniz səviyyəsindən xeyli aşağı, Xəzərdən də aşağıda yerləşir. O, yeganə yerdir ki, dəniz suyu şəlalə kimi 4,5 metr yüksəklikdən axır. “Fantastik tamaşa idi”, - deyə atam şahidi olduğu həmin günləri xatırlayır.

Azərbaycanda Xəzər sahilinin cizgiləri sürətlə dəyişirdi. İctimaiyyətin isə bundan xəbəri yox idi. Həyəcan təbili çalınmırdı. Məlumatı xalqa çay qaşığı ilə verirdilər, bunun da yarısı yerə tökülürdü. Atam akademik Həsən Əliyevin “Həyəcan təbili” kitabını almışdı. Rus dilində. Mən heç məktəbə getmirdim. Sonra akademik kitabın Azərbaycan dilində variantını xatirə yazısı ilə ona hədiyyə etdi. Əsl həyəcan təbili isə illərcə sonra çalındı.

Hazırda həyəcan bütün qitələrdə, qat-qat gur səslənir. Lakin Tramp kimi naqis siyasətbazlar onu qulaqardına vururlar. O, təbiətin mühafizəsinə maliyyə yardımını kəsir, Donun sahibi Putin isə karbohidrogen yanacaqların hasilatını və istifadəsini durmadan artırır.

Dünyanı yaxın zamanlarda gözləyən ekoloji vəziyyət acınacaqlıdır. Əkin sahələri ilbəil azalır. Sanki azalan meşələrlə yarışa girib. Torpaqların deqradasiyası onların kənd təsərrüfatı məhsuldarlığını 23% aşağı salıb. Təbiətin diktator şahı insan torpaq mühitin dörddə üç hissəsini, planetin su mühitinin isə təxminən 66 faizini dəyişib. 1900-cü ildən başlayaraq şəhərlər iki dəfə çoxalıb. İsraildəki Veysman institutunun 2020-ci ildəki tədqiqat məlumatına əsasən, insan tərəfindən yaradılmış obyektlərin çəkisi planetimizdəki bütün canlıların ümumi çəkisindən ikiqat artıqdır. Bu minvalla, həyat öz yerini daşa, dəmirə, betona təhvil verir. Okeanlara axıdılan kimyəvi gübrələrin təsiri sayəsində ümumi sahəsi Böyük Britaniyaya bərabər olan 4 ölü zona əmələ gəlib. Kaliforniya və Havay adaları arasında 3 Fransa qədər plastikdən ibarət sahə yaranıb. XX əsrin ortalarından indiyədək insanın fəaliyyəti nəticəsində onurğalı canlıların 680 növü məhv olub. XXI əsrin ortalarınadək təbiət daha milyona yaxın növünü itirəcək. Dənizlərdə yaşayan məməlilərin üçdə bir hissəsinin həyatı təhlükə altındadır.

Səni qorxutmaq fikrində deyiləm. Yalnız bir neçə faktı sadaladım. İnternetdə O mövzunu yox, BU mövzunu açsan – dəhşətə gələrsən. Dünyamız iri addımlarla fəlakətə – məhvə doğru gedir. Doğrudur, bir neçə çarə vasitəsi var. Amma, əminəm, heç birinə əməl olunmayacaq.

√ Bütün fərdi nəqliyyat vasitələri, avtomobillər ləğv edilsin. Xüsusi xidmət maşınlarından başqa yalnız sərnişin avtobusları və qatarlar hərəkət etsin. Onların iş cədvəli qənaətbəxş olsun.

√ Meşələrin varlanmaq məqsədi ilə qırılması tam şəkildə dayandırılsın.

√ Hər hansı silahlı cinayət, soyğunçuluq, qarət, qətl, zorakılıq ölümlə cəzalandırılsın.

√ Tütün məmulatlarının, spirtli içkilərin istehsalı, satışı və istifadəsi qadağan edilsin.

√ Havanı ən çox korlayan(!) heyvanlara məhdudiyyət müəyyənləşdirilsin. Fil, kərgədan, begemot, camış və inəklər minimum sayda saxlanılsın. Hindistan məni məcburi qaydada bağışlasın: zəhmət çəkib küçədə sərgərdan dolaşan canlılardan inək fiqurlarına keçsinlər.

√ Ekoloji balansın güdülməsi üçün hər hansı canlı növünün sayına müqabil limit qoyulsun.

√ Əkin sahələrinin sayı insanların yaşayış məntəqələrinin hesabına artırılsın.

√ Torpaqların məhsuldarlığı kimyəvi maddələrlə deyil, dincə qoyulmaqla yüksəldilsin.

√ İnsanların kütləvi miqrasiyası dayandırılsın. Tezliklə tələb olunacaq məcburi miqrasiyaya intensiv hazırlıq aparılsın.

√ Bəşəri mənafe ölkə və xalqların, fərdlərin maraqlarından yüksəkdə qoyulsun.

√ Yüz ildən qısa müddətdə dünya əhalisinin sayı planetimiz üçün optimal səviyyəyə – 500 milyon nəfərə endirilsin!(!)

Dediklərimi və niyyətində olduğum digər şeyləri edə bilmərəm. Sən də. Elə isə fərqimiz nədir? Budur:

Mən dedim.

A.ƏZİZ